Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ
26.12.2022 - 15:03
Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ

“Neftçi”nin serbiyalı müdafiəçisi Voyislav Stankoviçin apasport.az saytına müsahibəsi

- "Neftçi" ilk iki dövrəni üçüncü pillədə başa vurdu. Ölkə kubokunda isə yarımfinala adladı. Tarixin yaddaşına qovuşmaqda olan ili komandanız üçün necə dəyərləndirərdiz?
- "Neftçi" bu ili yaxşı nəticələrlə başa vurdu. Çünki ölkə kubokunda yarımfinala adladıq. İlin son görüşündə isə "Şamaxı"ya 3:0 qalib gəldik. Bizim üçün əsas olan kubokda mərhələ keçib, son oyunu qalib gəlmək idi. Amma təbii ki, "Neftçi" daha yuxarı pillədə olmalıdır. Bu, bizi razı salan nəticə deyil. Görürük ki, bizim yaxşı rəqiblərimiz var. Turnir cədvəlində xal fərqini görürük. Amma qarşıda çempionatın ikinci hissəsi qalıb. Ümidvaram ki, vəziyyəti düzəldib, daha yaxşı və stabil oynaya biləcəyik. "Neftçi"nin daha yaxşı pillələrə qaldıracağımıza inanırıq.

- Yeni ili Serbiyada, yoxsa Bakıda keçirəcəksən?
- Yeni il üçün artıq Serbiyaya gəlmişəm. Hər zaman yeni ili ölkəmdə keçirirəm. Bu il də belə olacaq. Evə gəldim ki, ailəmi görüm. Sonradan Bakıya qayıdacam. 

- "Neftçi"də çoxlu dəyişiklər olacağı gözlənilir. Qışdan sonrakı vəziyyətinizə pozitiv yanaşırsan? Səncə, çempionluq uğrunda mübarizə apara biləcək "Neftçi" görəcəyik?
- "Neftçi"nin qış fasiləsindən sonra necə olacağını bilmirəm. Bu suala cavab verə bilmərəm. Çünki mən sadəcə futbolçuyam. Onu deyə bilərəm ki, çox istəyərdim "Neftçi" daha stabil və yaxşı futbol oynasın. “Qarabağ" və "Sabah"la eyni səviyyədə mübarizə aparıb, yaxşı mənada rəqabət yaradaq. İnanıram ki, bu, bizdə alınacaq. Qışda "Neftçi" daha güclü olacaq. Amma kim gələcəyini, kim gedəcəyini zamanında görəcəyik. 

- "Neftçi"də qalmayacağın, klubun səninlə müqavilə müddətini uzatmayacağı haqda məlumatlar dolaşır. Həqiqətən belədir?
- Nə yazıldığından xəbərsizəm. Hazırda Serbiyaya gəlmişəm, mayın sonuna qədər isə hələ çox vaxt var. Görək çempionatın ikinci hissəsində necə oynayacam. Hazır və sağlam olacağammı? Çünki indi zədəm var. Bunu sağaltmağa çalışıram ki, 100 faiz hazır olum və "Neftçi"yə kömək edim, stabil oynayım. Mayın sonunda isə baxarıq. Futbolda hər şey olur. Hələ ki, dəqiq heç nə bilmirəm. Heç kimlə heç nə danışmamışam. Bu barədə söhbət açıqdır. Bəli, müqaviləm 5-6 aydan sonra bitir. Ondan sonrası barədə də isə bilgim yoxdur. 

- Bu mövsüm "Neftçi" daha çox tənqid olundu. Komanda nəyə görə "Qarabağ" və "Sabah"la rəqabət apara bilmədi? Qışdan sonra vəziyyət nə dərəcədə dəyişəcək?
- Hər bir insanın öz fikri var. Tənqidləri normal qəbul edirik. Bu, normaldır. Çünki biz hər il çempion olmaq, "Qarabağ" və "Sabah"la eyni səviyyədə rəqabət aparmaq istəyirik. Sadəcə bəzən alınmır. Niyə belə olur? Bir çox suallar var. Amma mənim səbəblər haqda danışmağım doğru olmaz. Bizə bir oyunçu gəlir, o biri gedir, digəri gedir, o biri gəlir. Yeni futbolçular üçün adaptasiya, zaman lazımdır. Çünki yeni komanda qurulanda vaxt alır. Hələ ki, “Qarabağ”la rəqabət üçün güc göstərə bilmirik. Davamında necə olacaq, baxarıq. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək. Özüm də, bunu çox istəyirəm. Amma mən futbolçu kimi yalnız özümə baxmalıyam və komandaya necə kömək edə bilərəm, ona diqqət yetirməliyəm. Yeri gəlmişkən, "Neftçi" azarkeşlərini öncədən yeni il münasibətilə təbrik etmək istəyirəm. Fanatları gələn il sevindirəcəyimizə ümid edirəm. Ölkə kubokunu qazanarıq və azarkeşlərimiz həmin sevinci yaşayar. İnanıram ki, bu, bizdə alınacaq. Doğrudur, çətin olacaq. Amma "Neftçi" fanatları buna layiqdir.
 

writer photo
Əlirza Əlirzalı
0