Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
03.10.2023 - 17:19
Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə

Uzun illər “İnter”(indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”də çıxış etmiş Voyislav Stankoviçin apasport.az saytına müsahibəsi. 

- Serbiya Superliqasında işləriniz yaxşı getmir. Hazırda komanda turnir cədvəlində sonuncu pillədədir. Düşünürsən ki, hər şey düzələcək?
- Bəli, yüksək liqada qalmaq çox çətin olacaq. Amma hamımız mübarizə aparırıq. Futbolçular, rəhbərlik cavan və təcrübəsizdir. Tarixdə ilk dəfədir ki, Superliqada oynayırlar. Altı turdan sonra baş məşqçini dəyişdik, yeni baş məşqçi və yeni futbolçular gəlib. Gələcəkdə necə alınacağını görəcəyik. Özümə gəlincə, uzun müddət Azərbaycanda olsam da, tez bir zamanda Serbiya futboluna adaptasiya oldum. Ümid edirəm ki, komandamız tezliklə xallar toplamağa başlayacaq və hər şey istədiyimiz kimi alınacaq.

- Serbiya liqası Azərbaycan çempionatından daha ağır və daha güclü gəlir?
- Serbiya Superliqasında da, Azərbaycan Premyer Liqasındakı kimi yaxşı komandalar var. Məncə, hazırkı vəziyyətdə Serbiya Superliqası Azərbaycan çempionatından azca yaxşıdır. Lakin hər iki liqa rəqabətlidir.

- "Neftçi" yayda dəyişikliklər etdi, yeni baş məşqçi gəldi, futbolçuların əksəriyyəti dəyişdi. Amma hazırda "Neftçi" 5-ci pillədədir. Bu, sənin üçün gözlənilən idi?
- “Neftçi”nin bir neçə oyununa baxmışam. Amma deyim ki, dəyişikliklərdən sonra heç nə yaxşılaşmayıb. Tək fərq odur ki, daha çox oyunçu gəlib, amma nəticə yoxdur. Komandanın daxilində vəziyyətin necə olduğunu bilmirəm. Məncə, “Neftçi” ötən mövsüm də eyni futbolu oynayırdı. 

- Səncə, Mutu "Neftçi"ni çempion edə biləcək məşqçidir?
- Adrian Mutu haqda bir söz deyə bilmərəm, çünki necə məşqçi olduğunu bilmirəm. Amma komandanın oyununu görürəm. Bəlkə də, zaman lazımdır. Çünki cəmi 2-3 ay əvvəl gəlib, komandaya xeyli sayda oyunçular dəvət edilib. Hər mövsüm “Neftçi”də eyni proseslər gedir, yeni baş məşqçi, yeni futbolçular gəlir. Sadəcə bunu eşidirik: zaman və səbir lazımdır. “Neftçi” çempion ola biləcək ya, yox bu barədə bir söz deyə bilmərəm. Amma “Neftçi”nin çempionluq şansının az olduğunu düşünürəm.

- İndiki "Neftçi" ötən mövsümkü "Neftçi"dən daha güclüdür?
- Ola bilsin ki, ötən mövsüm “Neftçi” daha güclü idi. Bəlkə də, bu mövsüm nəyisə qiymətləndirmək üçün hələ tezdir. Biz ötən mövsüm ölkə kubokunda final oynamışdıq, amma uduzmuşduq. Amma “Neftçi” indi daha yaxşı oynamalıdır. Adrian Mutunun rotasiya etməsi üçün əlində çox futbolçu var. Ötən mövsüm “Neftçi”də olanda, bizim əsas heyətdə oynaya biləcək yalnız 12-13 futbolçumuz var idi, qalanları cavan idi. Ehtiyat skamyada təcrübəli oyunçular çox deyildi. Ola bilsin ki,bu il hər şey yaxşıya doğru gedəcək. Yalnız çempionatın sonunda ötən mövsümkü, yoxsa bu mövsümkü “Neftçi”nin daha güclü olduğunu görəcəyik.

- Bəzən də mütəxəssislər və azarkeşlər deyir ki, Laurentsiu Regekampf qalsaydı, eyni heyət saxlanılsaydı və ikinci il də ona şans verilsəydi, indi daha güclü "Neftçi" görmüş olardıq. Bununla razısan?
- Bəli, mən də belə düşünürəm. Regekampf qalsaydı, ötən mövsümkü heyət saxlanılsaydı, 2-3 yeni transfer edilsəydi, “Neftçi” daha güclü oynayardı. Çünki komandanı tanıyırdı, komandaya nə lazım olduğunu bilirdi. Ona görə deyirəm ki, Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı.

- “Neftçi” 2020/2021 mövsümündə Azərbaycan çempionu oldu. Əslində, "Neftçi"də yeni era başladığı və bundan sonra da komandanın çempionluq uğrunda mübarizə aparacağı gözlənilirdi. Ancaq əksi oldu. Komanda daha da zəiflədi. Səncə, niyə belə oldu? 
- Bəli, biz çempion olanda heç kim gözləmirdi ki, “Neftçi” qarşıdakı mövsümlərdə daha zəifləyəcək. Düşünürdük və inanırdıq ki, komandamız daha da güclü olacaq və yaxşı, stabil futbol oynayacaq, çempionluq mübarizəsi aparacaq. Amma belə olmadı. Niyə olmadı? Ona görə ki, hər mövsüm “Neftçi”də çoxlu futbolçular dəyişir. Yeni gələn transferlərdən bəziləri yaxşı olur, bəziləri yox. Belə etmək olmaz. Əgər hər mövsüm çox futbolçu, baş məşqçini dəyişirsənsə, yüksək yerlər üçün oynayacaq yaxşı və stabil kollektiv yarada bilməzsən. Səbrli olmaq, komandanın özəyini qoruyub, 2-3 transfer etmək lazımdır. Yalnız bu halda yaxşı kollektiv əldə etmək mümkündür. Məhz belədə, avrokuboklarda və çempionatda yaxşı nəticələr qazanmaq olar.

writer photo
Əlirza Əlirzalı
0