“Sumqayıt”ın kapitanı, Premyer Liqanın XVI turunun “Kəpəz”lə görüşündə vurduğu qolla komandasına mövsümdəki ilk qələbəsini qazandıran Vurğun Hüseynovun apasporta.az saytına müsahibəsi
- "Sumqayıt" nəhayət ki, mövsümdə ilk qələbəsini qazana bildi. "Kəpəz"ə qarşı matçı özünüz üçün necə dəyərləndirirsən?
- Uzun aradan sonra qalib gəlməyi bacardıq. Bizim üçün qalan bütün oyunlar finala bərabərdir. "Kəpəz"lə matça böyük istək, əzmlə çıxmışdıq. Məncə, yaxşı oynayaraq qələbə qazanmağı bacardıq. Təbii ki, çox sevindirici idi.
- Mövsümün ilk qələbəsinin bu qədər gec gəlməsini nə ilə əlaqələndirirsən? Səncə, nəyə görə komanda indiyə qədər qalib gələ bilmirdi?
- Pis oynamırdıq. Elə matçlar olub ki, qələbəyə yaxın olmuşuq. Ancaq bu qismət olmayıb. Tilsimi Gəncədə qırdıq.
- Gəncədəki yeganə qolu sən vurdun. Vurduğun baxımlı qolu necə şərh edərdin?
- Biz müdafiəçilərin ancaq standart vəziyyətlər zamanı qol vurmaq imkanı olur. Komanda yoldaşım Rüfət Abdullazadənin də ötürməsi əla idi. Baş zərbəm qolla nəticələndi. Qolu kimin vurmasının önəmi yoxdur, əsas odur qalib gəldik.
- Demək olar ki, bu qələbə "Sumqayıt"ın uğursuzluğuna son qoyacaq? Növbəti görüşünüz "Səbail"ə qarşıdır. Beş turdur ki, məğlub olan rəqibinizi məğlub edə biləcəksiz?
- Baş məşqçimiz bizə iki günlük istirahət verib. Yaxşı istirahət etdikdən sonra oyuna hazırlaşacağıq. "Səbail" yaxşı komandadır, bu mövsüm onlara qarşı oyunumuzda da bunu gördük. Çalışacağıq ki, həmin oyunda da qalib gələk. Necə alınacağını oyun göstərəcək.
- Aleksey Baqanın gedişi və Samir Abasovun gəlişi komandada nəyi dəyişib?
- Hər məşqçinin öz oyun fəlsəfəsi var. Samir Abasova da vaxt lazımdır ki, öz istəklərini, öz oyun üslubunu bizə aşılaya bilsin. Biz də yavaş-yavaş onun istəklərini yerinə yetirməyə çalışırıq. İnanıram ki, hər şey çox yaxşı alınacaq.
- Maraqlıdır ki, bu mövsümdən kluba legionerlərlə oynamağa icazə verildi. Daha uğurlu çıxış edəcəyiniz gözlənilsə də, əksinə oldu. Bəlkə legionerlərlə oynamağa öyrəşmədiyiniz üçün hazırda son pillədəsiz?
- Ölkə çempionatı başlamamışdan əvvəl fikirləşməzdik ki, 16 turdan sonra sonuncu pillədə yer alarıq. Həm də, liqa başlamamışdan öncə 15 tura bir qələbə də qazana biləcəyimizə inanmazdı. Amma görürən odur ki, hər şey əksinə oldu. Burada tək legionerlərin yox, başda mən olmaqla hər birimizin səhvi var. Çalışacağıq ki, bu durumdan çıxaq. Gəncədə ilk qələbəmizi qazandıq, davamını gətirmək istəyirik.