Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi
- Konfrans Liqasının birinci təsnifat mərhələsinin "Ararat- Armenia"ya qarşı cavab görüşündə əsas heyətdə meydana çıxmışdın. Özün baş məşqçidən bunu istəmişdin, yoxsa hazır olduğun üçün belə qərar verildi?
- Mən hazır olmaq üçün səylə çalışırdım. Amma "Ararat-Armenia"ya qarşı oynamaq qərarını baş məşqçi verdi. Tez bir zamanda formaya düşmək üçün əlimdən gələni edirəm. Baş məşqçi də bunu gördü və həmin görüşdə məni start heyətində meydana buraxdı. Ən yaxşısını etməyə çalışdım. Heyf ki, sonda nəticə bizim üçün qaneedici olmadı.
- Əslində, matç sizin üçün yaxşı alınırdı. Necə oldu ki, hər şey penaltilərə qaldı? Səncə, rəqib sizdən yaxşı idi, yoxsa bəxtləri gətirdi?
- Xeyr, mən bunu bəxtlə əlaqələndirməzdim. "Ararat-Armenia"nın bizdən yaxşı olduğunu da deməzdim. Sadəcə, çox rahat qollar buraxdıq. Halbuki, hesabda üç dəfə önə keçmişdik. Amma buraxılan sadə qollara görə sonda nəticə üzücü oldu.
- Yəqin ki, qol vurmağı çox istəyirdin. Lakin nə İrəvanda, nə də Albaniyada alındı. Buna görə, yoxsa daha çox mərhələ adlamadığınıza görə üzülürsən?
- Qol vurmağı hər bir futbolçu istəyir. Amma mən daha çox təbii ki, mərhələni keçə bilməməyimizə üzülürəm. Çünki buna çox yaxın idik. Həm İrəvanda, həm də evdə yaxşı oynadıq. Lakin sonda belə nəticə olması üzücüdür.
- Mərhələ adlamasınız belə, yəqin ki, İrəvana səfər etdiyin üçün sənin üçün xoş xatirə kimi qaldı?
- Bilirsiz, futbol kollektiv oyunudur. Ona görə də, burada fərdi düşünmək doğru deyil. Sonda hər şeyə "komanda üçün necə alındı?" kimi baxmaq lazımdı. Şəxsi mənada, bəli, İrəvana gedib, orada meydana çıxıb Azərbaycanı təmsil edib qayıtdım. Komandamız növbəti mərhələyə adlasaydı, daha yaxşı idi.
- Maraqlıdır ki, matçdan sonra nələr baş verdi?
- Çox üzgün idik. Sizi inandırım, matç başa çatandan sonra paltardəyimə otağında bəlkə də, bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı, sadəcə bir-birimizə baxırdıq, bilmirdik necə edək. Çünki çox əziyyət çəkmişdik. Hər dəfə hesabda önə keçirdik. Amma hamı məğlubiyyətin şokunda idi.
- Artıq özünüzə gəlmisiz?
- Əlbəttə. Futbolda bir oyunda istədiyin nəticə olmadısa, həmin qarşılaşmada qalmaq olmaz. Gərək digər matçlar haqda düşünəsən, fikrini qarşıdakı görüşlərə yönəldəsən. Bizi irəlidə çempionat matçları gözləyir. Hazırlıqlarımız ora üçündür.
- Albaniyaya artıq adaptasiya olmusan? Çempionat oyunlarından gözləntin nədir?
- Artıq Albaniyaya adaptasiya olmuşam. Kollektivdə də hamı ilə münasibətim yaxşıdır. Avrokuboklar təəssüf ki, bizim üçün başa çatdı. Amma qarşıda hələ uzun marafon var. Bütün fikrimi çempionat matçlarına yönəltmişəm. Daha da yaxşı hazırlaşmaq üçün vaxtım var. Ən yaxşı formaya düşəcəm.
- Albaniyada oynayaraq Azərbaycan millisinə qayıtmaq mümkün olacaq?
- Allah qoysa, belə də olar. Çünki hədəflərimdən biri "Eqnatiya"da start heyətində möhkəmlənmək və Azərbaycanın əsas millisinə dəvət edilməkdir. Ondan sonrakı hədəfim isə daha da güclü liqalarda oynamaqdır. İnanıram ki, bunların hamısını həyata keçirə biləcəm.