Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirəm" - Müsahibə
18.08.2024 - 17:01
Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirəm" - Müsahibə

Azərbaycan milli komandasının və “Boluspor”un üzvü Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib.

O, komandasının mövsümün ilk turundakı məğlubiyyətini şərh edib, həmçinin bu mövsümkü hədəflərindən, milli komandaya dəvət olunmaq istədiyindən danışıb:

- Birinci Liqanın ilk turunda "Boluspor" evdə "Iğdırspor"a məğlub oldu. Həmin oyundakı performansınızı necə dəyərləndirirsən? Səncə, nəyə görə evdə uduzdunuz?

- İlk oyunda sadəcə matça pis başladıq. Amma 60 dəqiqə “Iğdır”dan üstün futbol oynadıq. Lakin futbol belədir də, yaxşı oynasan da alınmaya bilir. Şəxsi fikrimdir ki, iki tər-təmiz penaltimizi vermədilər. Yaxşı qol epizodlarımız var idi. Dəyərləndirə bilmədik. Onda da uduzduq. Ancaq cəmi bir tur geridə qalıb. Qarşıda oyunlar çoxdur. İnanıram ki, yaxşı nəticələr qazanacağıq, məqsədimiz üçün mübarizə aparırıq.

- Bu mövsüm səni daha çox "Boluspor"un əsas heyətində meydanda görəcəyik, yoxsa əsas heyətdə forma almaq şansını çətin görürsən? İlk onbirliyin əsas üzvü olmaq üçün nə çatmır səncə?

- Təbii ki, əsas heyətdə oynamaq üçün hər şeyi edirəm. Bu tur əsas heyətdə oynayacam. Özümü daha çox göstərib, əsas heyətdə olmaq niyyətindəyəm. Qalan şeylər baş məşqçinin qərarıdır. O, istəsə əsas heyətdə, ya da sonradan meydana daxil olacam. 

- Ötən mövsümkü "Boluspor" və bu mövsümkü "Boluspor" arasında hansı fərqi görürsən? Səncə, komandanız güclənib, yoxsa zəifləyib?

- Məncə, böyük fərq yoxdur. Çünki gedən oyunçularımız çox olmadı. Heyət olaraq eyni qaldıq. Hətta bir neçə transfer edildi. Mənə görə eyni heyətdir. Baş məşçqimiz də eyni adamdır. O da demək olar ki, eyni sistemi oynadır. Ona görə də müqayisə etmək çətindir.

Maraqlıdır, yayda "Boluspor"un daha bir azərbaycanlı oyunçu almaq fikri, planı var idi? Rəhbərlik səndən digər hansısa azərbaycanlı futbolçu haqda heç fikir almışdı?

- Klub azərbaycanlı futbolçu ilə maraqlansaydı, rəhbərlikdən mənə mütləq deyərdilər. Sadəcə bilirəm ki, izləyiblər. Amma söhbət bundan qabağa getmədi. Yəni, azərbaycanlı futbolçu ilə müqavilə imzalamadılar. Məsələ o yerə qədər getsəydi, ən azından məndən soruşacaqdılar. Lakin azərbaycanlı futbolçuya baxdıqlarını mənə deyirdilər. Amma dediyim kimi, məsələ o səviyyədə qaldı, irəliləmədi.

- Türkiyə Superliqası və Birinci Liqasında bu mövsümdən müqavilə imzalayan azərbaycanlılar artıq legioner hesab edilir. Bu fakt gələcək sezon Türkiyədə qalıb-qalmamağına təsir edəcək?

- Bunu zaman göstərəcək. İndidən bir söz deyə bilmərəm. Sadəcə oyunlara fokuslanıram. Necə olacaq, artıq onu gələcək göstərəcək, müqaviləmin sonunda görəcəm.

- Bu gün komandanız ikinci tur çərçivəsində “Gənclərbirliyi” önünə çıxacaq. Bu oyunda qalib gəlmək şanslarınızı necə dəyərləndirirsən?

- Bizim çox yaxşı komandamız var. Ona görə də komandama çox inanıram. Ən yaxşısını edəcəyik ki, qalib gələk. Bunu edəcək gücdəyik. İstədiyimiz oyunu oynasaq, qalib gələ bilərik.

- Azərbaycan A millisi barədə hansı fikirdəsən? Fernandu Santuşun səni milliyə dəvət edəcəyinə inanırsan? Qarşıda millinin oyunları var. Özünü həmin görüşlərdə görürsən?

- Əlbəttə ki, Azərbaycan milli komandasından dəvət gözləyirəm. Klubumda ən yaxşısını etməyə çalışıram. Çünki buradakı çıxışımdır məni milliyə aparan. İstəyirəm ki, növbəti oyunlar üçün milliyə dəvət edilim. İnanıram ki, belə də olacaq.

writer photo
Əlirza Əlirzalı
0