- Alo! Rasim, hardasan? Çatmısan işə?
- Yox e, nə iş? İşdə deyiləm bu gün. Dünən demədim, sabah oyuna gedəcəm? Xankəndidəyəm.
Yadına düşür ki, hə, dostların Xankəndidədir.
Pəncərəni açıb dekabr günəşini otağına dəvət edirsən.
Kənddə əlüzyuyanlar olur e... Uzun dəmir sallanır içindən, o dəmiri yuxarı itələyirsən, ovuclarına su dolur...
İndi kəndimizdə olsaydım, o suyu şappıltıyla üzümə çırpardım...
Özümə çay süzüb süfrəyə keçirəm. Pəncərələri taybatay açmışam. Qışdı. Çöldən bir çiçək qoxusu da, bir quş səsi də girmir evə, amma mən baharın qoxusunu duyuram, səsini eşidirəm.
Xankəndidə deyib-gülən dostlarımızın səsi bura kimi gəlir.
Feysbuka girirəm. Çayımdan qurtumlaya-qurtumlaya paylaşımlara baxıram.
Xankəndidən şəkillər, statuslar, videolar paylaşılır.
Orxan Məmmədlinin paylaşdığı videoya baxıram.
Videoya belə başlıq yazıb: “Bu gün Xankəndidə hava günəşlidir”.
Öz-özümə fikirləşirəm ki, bu nə sirri-xudadırsa, belə möhtəşəm günlərdə hava həmişə günəşli olur.
İstəyirəm, Orxana zəng eləyib deyəm ki, Bakıda da hava günəşlidir, bu gün bütün Azərbaycanda hava günəşlidir.
Xankəndi stadionunda “Qarabağ” ilə MOİK komandalarının oyunu var bu gün.
Rasim şəkil paylaşıb Xankəndi stadionunun qarşısından.
Tahir Hümbətov da şəklə şərh yazıb:
“12-ci sinif – ƏN YENİ TARİX”.
Bəli, Azərbaycanın ən yeni tarixinin səhifələrini birgə vərəqləyirik.
Birgə ayaq basırıq bizdən uzun illər ayrı düşmüş torpaqlarımıza.
Şuşada şeir deyirik, Laçında rəqs edirik, Ağdamda namaz qılırıq.
Hər daşına, hər ağacına yenidən salam veririk.
Əyilib öpürük torpağını.
Əyilib öpürük axan sularını.
“Qardaşım ağaclar, bacım çiçəklər”ə qovuşuruq.
Adamın içindəki səma böyüdükcə böyüyür.
Adamın içi axar sular kimi durulur.
Bu gün Xankəndidəyik.
O Xankəndidə ki, illərlə onu Stepanakert kimi təqdim etməyə çalışdılar dünyaya.
O Xankəndidə ki, özlərinə “paytaxt” seçdilər.
Xankəndi paytaxt olmadı heç kimə.
Xan qayıdıb öz payi-taxtında oturdu.
Bundan sonra hər şey daha gözəl olacaq!
Mən buna bütün qəlbimlə inanıram!
Biz daha azad, daha məğrur, daha məsud yaşayacağıq!
Çünki biz buna layiqik!
Çingiz Özgürün yazısı da çıxdı qarşıma, başlığı belə idi:
“Qarabağ” - MOİK oyununa "bal kimi" proqnoz: qalib indidən bəllidir”
Bəli, qalib indidən bəllidir.
Qalib dünəndən bəllidir.
Bu gün Xanın övladları Xankəndidə ayağını ayağının üstünə aşırıb “Qarabağ” və MOİK oyunu izləyəcək.
Bu oyunun qalibi çoxdan bəllidir.
Biz qollarımızı stadiondan kənarda - çoxdan vurmuşuq.
Ulucay Akif