İdmançılarımızın Paris-2024 XXXIII Paris Yay Oyunlarının ilk gündəki çıxışları yekunlaşıb.
Apasport.az-ın məlumatına görə, bu gün 5 idmançımız 4 fərqli idman növü üzrə mübarizəyə başlayıb.
Onlardan yalnız biri - akademik avarçəkənimiz Diana Dımçenko qadınların fərdi yarışında 3-cü yeri tutub. Beləliklə, Dımçenko 1/4 final mərhələsinə yüksəlib.
Digər təmsilçilərimiz isə məğlubiyyətlə üzləşiblər.
Badmintonçumuz Keişa Fatimə Zəhra N qrupunun ilk matçında çinli rəqibi Bin Çzao Heyə məğlub olub.
48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Leyla Əliyeva 1/16 final mərhələsində Xalimajon Kurbanova ilə qarşılaşıb. Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.
Həmçinin kişilər arasında 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/8 final mərhələsində koreyalı Kim Von Jimlə üz-üzə gəlib. Əlavə vaxtda 3-cü xəbərdarlığı alaraq rəqibinə məğlub olan Ağayev Parisdə mübarizəni dayandırıb.
Güllə atıcımız Ruslan Lunyov 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada təsnifat mərhələsində 24-cü yeri tutaraq bu kateqoriyada iştirakını başa vurdu. O, 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.