Kişi taekvondoçulardən ibarət milli komanda təlim-məşqlərə start verib.
Apasport.az saytının məlumatına görə, yığmaya baş məşqçi təyin olunan Məmməd Abdullayevun rəhbərliyi ilə ilk hazırlıqda Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti idmançılarla görüşüb.
Federasiyanın vitse-prezidenti Nağı Səfərov həmişə olduğu kimi millidən yenə uğurlu nəticələr gözlədiyini deyib. O, hər zaman yaxşı nəticələrə imza atan taekvondoçularımızın son yarışlarda çıxışlarının qənaətbəxş olmadığını diqqətə çatdırıb: “Həmin nəticələri yenidən əldə etmək üçün çox çalışmalısınız. Bizi qarşıda bir neçə mötəbər yarış gözləyir. Ümidvaram ki, iştirak edəcəyiniz yarışlarda yüksək əyarlı medallarla bizləri sevindəcəksiniz. Baş məşqçi Məmməd Abdullayevi də təbrik edir, yeni təyinatında uğurlar arzulayıram”.
Vitse-prezident Niyaməddin Paşayev də komandaya inandığını qeyd edib. O bildirib ki, taekvondoçularla daim yarışlarda bir yerdə olduğundan hər birinin potensialına bələddir. Federasiya rəsmisi beynəlxalq arenalara medalları sıralayacaqlarına inam ifadə edib və yeni baş məşqçiyə bu işdə uğurlar arzulayıb.
İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev də taekvondoçularımızın qarşıdakı yarışlarda inamlı çıxış edəcəyinə inandıqlarını deyiblər.
İranlı Reza Mehmandostu əvəzləyən baş məşqçi Məmməd Abdullayev isə uğurlu çıxış üçün daha da çox çalışmaq lazım olduğunu bildirib. Ona göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkür edən mütəxəssis beynəlxalq arenalarda himnimizi səsləndirməyə, vətənə medallarla dönməyə çalışacaqlarını vurğulayıb.