Yeqor Xvalko: “7 turda istəmədən rəqiblərə nə qədər belə hədiyyələr etmişik” - MÜSAHİBƏ
25.09.2023 - 17:00
Yeqor Xvalko: “7 turda istəmədən rəqiblərə nə qədər belə hədiyyələr etmişik” - MÜSAHİBƏ

“Kəpəz”in kapitanı Yeqor Xvalkonun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın hesabat turunda “Sabah”la matçda xal qazana bildiniz. Səncə, 2:2 hesabı ədalətli nəticə idi?
- Çox çətin oyun alındı. Çünki biz müdafiə olunurduq. "Sabah" öz oyunu ilə bizi müdafiədən oynamağa məcbur etmişdi. Amma buna hazır idik. Məncə, nəticənin ədalətli olub-olmamasının fərqi yoxdur. Sırf mənim fikrimi soruşursunuzsa, bəli, məncə ədalətli nəticə oldu.

- Oyundan əvvəl xal qazanacağınıza inanırdınız? Çünki “Sabah” bu mövsüm çempionatda uğurlu çıxış etmir...
- Təbii ki, uğurlu nəticəyə inanırdıq. Axı, meydana məğlub olmaq üçün çıxmırıq. Sadəcə bu mövsüm bizim oyunumuz daha çox lider komandalarla alınır. Məncə, "Sabah"ın işləri qaydasına düşəcək və stabilləşəcəklər. Hər halda, orda çox yüksək səviyyəli oyunçular oynayır. Bu da öz təsirini göstərəcək.

- Xal qazanmağınızda əsas rolu “Sabah”ın qapıçısı oynadı? Hər halda, iki qolda da səhvə yol verdi...
- Məncə, səhv deyilən bir şey yoxdur. Sadəcə, meydanda baş verən epizodlardan sonra elə futbol əmələ gəlir. Sadəcə,  yaranan səhvlərdən istifadə etdik. Özünüz də bilirsiz, 7 turda istəmədən rəqiblərə nə qədər belə hədiyyələr etmişik.

- “Kəpəz” niyə iddialı klublardan xal ala bilir, amma ortabab klublarla bacarmır? Məsələn, “Qarabağ”, “Neftçi” və “Sabah”la görüşlərdə bunu bacarmısız. Amma “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Səbail” kimi komandalara uduzursunuz. Bəlkə, iddialılar sizinlə matçda “bir nömrə” ilə oynayır deyə, belə alınır?
- Mən bu haqda artıq bir neçə dəfə danışmışam. Onlar Azərbaycanın top komandalarıdır. Bu cür klublara qarşı sona qədər çox diqqətli olmaq lazımdır. Məğlub olduğumuz görüşlərdə isə səbəblər var idi. Çünki buraxılan qollarda texniki və taktiki sarıdan səhvlərə yol verdik. Sonradan dərhal ikinci qolu buraxdıq. Məhz bundan sonra oyuna geri qayıtmaq çox çətindir. Demək olar ki, məğlub olduğumuz matçların hamısı eyni cür idi. "Sabah" və "Neftçi" ilə "ikinci nömrə" kimi oynayırdıq. "Qarabağ"la matçda isə demək olar ki, bərabər səviyyəli oyun alındı. Epizodlara baxsaq, dəqiq belədir. Uduzduğumuz görüşlərdə "birinci nömrə" ilə oynadığımızı da deyə bilmərəm. Sadəcə həmin matçlarda buraxdığımız qollara qədər hər şey yaxşı alınırdı. Rəqib irəli keçdikdən sonra isə geri qayıtmaq çətin olur.

- Əksər insanlar “Kəpəz”ə autsayder kimi baxır və birinci divizion üçün əsas “favorit” hesab edilir. Səncə, Premyer Liqada qala biləcəksiz? 
- Biz maksimum yararlanmağa çalışırıq. Düşünürəm ki, bu mövsüm çempionat çətinləşib, hər komanda güclənib. Komandaların özəyi qalıb, amma bizdə 80 faiz dəyişiklik var. “Kəpəz” yeniləndi, mövsümün əvvəlində bir neçə futbolçunun bizə gəlməsinə baxmayaraq, meydanda bir-birimizi hiss etmək üçün bir-birimizə öyrəşməliyik. Bu, göründüyü qədər tez olmur. Amma siz dediyiniz məsələ məni motivasiya etmir.

- “Kəpəz” növbəti görüşünü “Qəbələ”yə qarşı keçirəcək. Onlarla son pillələrdən qurtulmaq üçün mübarizə aparırsınız. Demək olar ki, altı xallıq matçdır?
- Yəqin ki, matçın 6 xal üçün olacağını deyə bilərik. Artıq azarkeşlərə borcluyuq və bu oyunda özümüzü ən yaxşı tərəfdən göstərib, qələbə qazanmağa çalışmalıyıq.

writer photo
Əlirza Əlirzalı
0