Yığmamızın baş məşqçisi Avropa birinciliyinə hazırlığı dəyərləndirdi
14.11.2022 - 13:33
Yığmamızın baş məşqçisi Avropa birinciliyinə hazırlığı dəyərləndirdi

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli komandası noyabrın 25-28-də Maltada keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirir. 

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında oktyabr ayından başlayan təlim-məşq toplanışında son mərhələyə start verilib. 

Çalışdırıcının sözlərinə görə, hər şey plana uyğun davam edir. Məmmədov bildirib ki, əsas hədəf həmişə olduğu kimi maksimum sayda medal qazanmaqdır: “Hazırlıqlar yüksək səviyyədə gedir. Avropa birinciliyində uğur qazanmağımız üçün hər bir şərait yaradılıb. Sevindirici məqam odur ki, uşaqlar da yarışda inamlı çıxış üçün yorulmadan məşq edirlər və güvənəcəyimiz idmançılar arasında zədədən əziyyət çəkən yoxdur”. 

Baş məşqçi qeyd edib ki, yarışa yollanacaq taekvondoçular müəyyən təcrübəyə malikdirlər: “Onlarında aralarında dünya çempionu və mükafatçıları da var. Lakin hər şey Maltada - tatami üzərində bilinəcək. Komandamızın üzvlərinə güvənirik. İnanıram ki, Vətənə medallarla qayıdacağıq”. 

Rəşad Məmmədov Avropa birinciliyində geniş heyətlə təmsil olunacaqlarını da deyib. Onun sözlərinə görə, Maltada ölkəmizin idman şərəfini 17 taekvondoçunun qoruyacağı planlaşdırılır. 

Qeyd edək ki, yarışa yollanacaq heyət son məşqlərdən sonra dəqiqləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0