Noyabrın 14-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, 7 gün davam edəcək mundailda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Meksikada ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Kişilərdən ibarət yığma baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (87 kq) şans verəcək. Məşqçilər korpusu Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyəti ilə məsləhətləşdikdən sonra axırıncı aylarda toplanışlara qatılmayan və hazırda formasından uzaq olan Milad Beiqi Harçeqani (87 kq) ilə Radik İsayevin (+87 kq) heyətinə daxil edilməsinə ehtiyac görməyib.
Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq. Fəridə Əzizova (67 kq) zədəli olduğundan heyətdən kənar qalıb.
Dünya çempionatında ədaləti qoruyacaq referilər sırasında beynəlxalq dərəcəli hakim Aygül Abdyllayeva da yer alacaq.
Komandaya ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev rəhbərlik edəcəklər. 2023-cü ildə dünya çempionatı Bakıda keçiriləcəyindən yığma Meksikaya geniş tərkiblə yollanacaq. Bu səfər Qvadalaxarada mindial başa çatdıqdan sonra yarışın keçici bayrağının Azərbaycana verilməsinə və bir sıra texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına hesablanıb.
Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.
Qeyd edək ki, taekvondoçularımızdan noyabrın 15-də Süleymanov, ertəsi gün Ağayevlə Abakarova, ayın 17-də Qafarov, bir gün sonra Həmidreza dayanq üzərinə çıxacaqlar. Noyabrın 19-da Dadaşov, yarışın sonuncu günündə isə Maqomedovla Əkbərova mübarizəyə başlayacaqlar.