“Təbii ki, “Qarabağ”ın “Zirə” ilə matçda üstünlüyü var idi. Amma “Zirə” də taktiki planda yaxşı oyun nümayiş etdirdi”.
Bunu apasport.az saytına Azərbaycan millisinin veteran futbolçusu İlham Yadullayev deyib.
O, sabah Premyer Liqanın XVI turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununu dəyərləndirib. Yadullayev Ağdam təmsilçisinin “Zirə” ilə son qarşılaşmasında xal itkisinə də münasibət bildirib: “Doğrudur, “Qarabağ”ın yorğunluğunun da burada təsiri ola bilər. Görünür ki, “Qarabağ”ın oyununda dinamika yoxdur. Əvvəlkindən fərqli olaraq, irəlidə təzyiq göstərə bilmirlər. Amma “Zirə”nin əməyini də xüsusi vurğulamaq lazımdır. “Qarabağ”a qarşı düzgün oynadılar, istədikləri heç-heçəni qazandılar. “Zirə” də çox yaxşı çıxış etdi. Rəşad Sadıqovun taktiki gedişləri özünü göstərdi”.
Millisinin sabiq futbolçusunun sözlərinə görə, mövsüm "Qarabağ" üçün ağır keçir: “Ardıcıl oyunlara çıxırlar. Avrokuboklar, daha sonra daxili liqanın matçlarında çıxış edirlər. Bununla yanaşı, futbolçularının əksəriyyəti milli komandanın üzvləridir. İlin sonu da olduğundan yorğunluq özünü biruzə verir”.
“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Azərbaycan derbisində isə Qurban Qurbanovun komandasının bir addım öndə olduğunu vurğulayıb: “Əlbəttə ki, yaxşı oyun gözləyirəm. “Neftçi” də çempionluq mübarizəsindən geri qalmamaq üçün matçda əlindən gələni edəcək. İnanıram ki, çox maraqlı oyun alınacaq. Derbinin nəticəsini proqnoz etmək çətindir. Lakin istənilən halda, “Qarabağ”ı üstün hesab edirəm. Hər halda, gözləyək, görək necə olacaq”.
Yadullayev çempionluq mübarizəsinin sona qədər “Sabah” və “Qarabağ” arasında gedə biləcəyini söyləyib: “Artıq komandalar arasında cəmi üç xallıq fərq var. Hələ klubların qarşıda şəxsi oyunları da olacaq. Bir sözlə, bizi qarşıda çox maraqlı mübarizə gözləyir”.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 21:00-da başlayacaq.