Zaur Həşimov: “Qarabağ” heyətinə görə əvvəlki illərdən daha zəifdir” - Müsahibə
14.12.2023 - 16:41
Zaur Həşimov: “Qarabağ” heyətinə görə əvvəlki illərdən daha zəifdir” - Müsahibə

“Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimovun apasport.az saytına müsahibəsi:

-"Qarabağ" bu gün "Hakken"lə matça çıxacaq. Bu oyunda "Qarabağ"ın şanslarını necə dəyərləndirirsən? Favorit yəqin ki, Azərbaycan çempionudur?
-“Qarabağ” “Hakken”ə qalib gələcəyi halda, öz çıxışını Avropa Liqasında davam etdirəcək. Bu da həm “Qarabağ”ın, həm də ölkə futbolunun tarixində bir ilk yaşaması deməkdir. Bu matçda “Qarabağ”ın şanslarını yüksək dəyərləndirirəm. Təbii ki, favorit “Qarabağ”dır. Bəli, “Qarabağ” bu fürsəti əldən verməyəcək.

- Ümumiyyətlə, "Qarabağ"ın son tura qədərki oyununu necə qiymətləndirirsən? Səncə, komanda əvvəlki illərdən daha yaxşı performans göstərə bildi? Daha çox hansı oyun sənin üçün yaddaqalan oldu?
-“Qarabağ” qrup mərhələsində yalnız “Bayer”lə səfər görüşündə rəqibdən bütün komponentlərdə zəif göründü. Qalan bütün oyunlarda komanda yaxşı təsir bağışlamışdı. Əsasən də Bakıdakı oyunlarda “Qarabağ” möhtəşəm idi. Həm “Bayer”lə, həm də “Molde” ilə ev oyununda rəqibdən çox üstün futbol oynamışdılar. Mənim üçün isə “Molde” oyunu daha yaddaqalan oldu. Matçı tribunadan canlı izləyirdim. Bəlkə də, fərd olaraq “Qarabağ” əvvəlki illərdən heyətinə görə daha zəifdir. Amma indi komanda olaraq güclüdür. Artıq avrokuboklarda təcrübəli, inkişaf etmiş komandaya çevrilib.

- "Qarabağ" "Hakken"lə İsveçdəki görüşdə qalib gəlməyi bacarmışdı. Həmin görüşü necə xatırlayırsan?  Səncə, eyni oyunu, eyni nəticəni Bakıda da göstərmək olar?
- Bəli, “Qarabağ” səfərdə “Hakken”ə qalib gəlməyi bacarmışdı. Amma bu asan olmamışdı. “Hakken” Avropa komandasıdır, səviyyəli futbolçulara sahibdir. “Qarabağ”ın bu gün qələbə qazanacağına inanıram. Amma bu onlara asan başa gəlməyəcək. 

- Bu günkü matçda Kevin Medina olmayacaq. Səncə, onsuz "Qarabağ" müdafiədə çox çətinlik çəkəcək?
- Medinanı müdafiənin dirəyi adlandırardım. Təəssüf ki, o, ciddi zədə alaraq üç aya yaxın “Qarabağ”a kömək edə bilməyəcək. Təbii ki, ciddi itkidir. Buna baxmayaraq, komandada onu əvəzləyəcək stopperlər var.

- "Qarabağ" qrupdan çıxacağı təqdirdə, potensial rəqiblərinin bəziləri artıq bəllidir. Onlar arasında "Qalatasaray" da var. Səncə, "Qarabağ" növbəti mərhələyə adlamaq üçün hansı ölkə ilə oynaya bilər? Və ümumiyyətlə, "Qarabağ" Avropa Liqasında uzaqlara gedə biləcək potensialdadır?
- İndi əsas məqsəd marafonu Avroliqada davam etdirməkdir. Növbəti mərhələdə isə oyunlar ev və səfər qarşılaşması ilə davam edəcək. Fikrimcə, mərhələ adlamaq üçün daha uyğun sistemdir. Orada mübarizəni penaltilərə də daşımaq olur. İlk olaraq bu gün “Hakken” səddini aşmaq lazımdır. 

- "Qarabağ"ın pley-off mərhələsinə çıxacağı təqdirdə, yoluna daha uzun davam etməsi üçün səncə, komandaya yeni transferlər lazımdır?
- Yeni transferlər həmişə aktualdır. Avroliqada növbəti mərhələyə çıxması komandaya dəvət ediləcək oyunçuların səviyyəsinə də təsir edəcək. İstənilən halda, “Qarabağ” yəqin ki, 2-3 futbolçu ilə heyətini daha da gücləndirər.

writer photo
Əlirza Əlirzalı
0