“Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
12.03.2024 - 20:03
“Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə

Azərbaycan Premyer Liqası təmsilçilərindən “Zirə”nin müdafiəçisi Stefan Akka apasport.az saytına müsahibə verib.

- "Qarabağ"a qarşı matç necə alındı? Səncə, bu görüşdə xal qazana bilərdiniz?
- Təbii ki, “Qarabağ”a qarşı oyun çətin keçdi. Belə olacağını da bilirdik. Biz öz taktikamızı tətbiq etməyə çalışdıq və bu, oyunun bəzi hissələrində alınırdı. Komandamız bəzi epizodlara görə oyunu uduzdu. Əgər “Qarabağ”la görüşdə birinci hissəni 0:0 hesabı ilə başa vura bilsəydik, düşünürəm ki, xal qazana bilərdik.

- Qapınıza penalti təyin edildi. Həmin epizod zamanı baş hakimə etiraz edirdin. Topun Ruan Renatonun əlinə dəymədiyini iddia edirdin?
- Həmin epizodda baş hakimə dedim ki, top Ruanın əlinə məqsədli şəkildə dəymədi. Yəni, təbii vəziyyət idi. O, topa bilərəkdən toxunmamışdı. Sadəcə bilmədən top onun əlinə dəydi. Baş hakimə bunu izah edirdim, amma penalti təyin edildi.
 
- Maraqlıdır, qoldan sonra Riçard Almeydaya nə deyirdin? Gözləyirdin ki, o, feyr-pley edib, topu çölə vuracaq?
- Yox, yox. Almeyda penaltini yerinə yetirməzdən əvvəl onunla vəziyyət haqqında danışdıq. Penaltidən əvvəl onu narahat etməyə çalışırdım. Başqa bir səbəb yox idi. 

- “Zirə” bu mövsüm "Qarabağ"ı ilk turda məğlub etmişdi. Amma digər matçlarda bunu bacarmadı. "Qarabağ"a qarşı oynamaq çox ağırdır? 
- Məncə, “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil. İnanın, mən “Qarabağ”a qarşı oynamağı xoşlayıram. Qalib gəldiyimiz oyunla digər matçlarımız arasında fərq? Məncə, elə də böyük fərq yoxdur. Deyərdim ki, fərq epizodlardadır. Onlar qol epizodlarından yararlandılar, amma təəssüf ki, biz qol vura bilmədik.

- Premyer Liqadakı növbəti oyununuz “Kəpəz"ə qarşıdır. Onları məğlub edə biləcəksiz? 
- Bəli, “Kəpəz” yaxşı formadadır. Onlarla oyunumuz heç də asan olmayacaq. Amma hazırlığımızı davam etdiririk. “Kəpəz”lə matçda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik.

writer photo
Əlirza Əlirzalı
0