Azərbaycan Basketbol Liqasında çıxış edən NTD komandasının kapitanı Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, kapitan “Naxçıvan”la oyundan əvvəl görüşlə bağlı fikirlərini bildirib:
“Düşünürəm ki, ilk oyunda rahat qələbə qazana bilərdik. Sadəcə oyun istədiyimiz kimi getmədi. Komanda yeni yığılıb, anlaşma istənilən səviyyədə deyil. Oyunçuların bir-birini tanıması çox vacib məsələdir. Bir-iki oyundan sonra bu problem aradan qalxacaq. Hesab edirəm ki, oyunçuların səviyyəsi yüksəkdir. Cavan oyunçulardan ibarət heyətimiz var. Amma çox istəkliyik. İlk oyunda bu istəyi göstərə bilmədik. Məşqlərdə etdiklərimizi göstərə bilsəydik, qələbə qazanardıq. Təəssüf ki, belə oldu. NTD klubuna yaraşan oyun deyildi. Birinci oyunumuz idi. Bizi hələ çox oyunlar gözləyir. “Naxçıvan”a qarşı oyuna ciddi hazırlaşırıq. Bu dəfə öz oyunumuzu göstərməliyik.
Yeni limit (4+1) barədə danışmaq hələ tezdi. Azərbaycan basketboluna xeyir verəcək ya yox, indidən demək çətindir. Bir tərəfdən müsbət cəhətləri var, o biri tərəfdən mənfi. Bəzi yerli oyunçular praktikasız qala bilər. Bilmirəm, necə davam edəcək. Amma özünü göstərə bilən basketbolçu həmişə oynayacaq”.