"Məğlubiyyət səhvlərimizi anlamaq və bunları məşqlərdə düzəltmək imkanı verdi".
Apasport.az xəbər verir ki, bunu "Lənkəran"ın oyunçusu Maykl Rocers "Gəncə"yə 75:90 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı danışarkən deyib.
ABŞ-dən olan basketbolçu qarşılaşmaya lazımınca fokuslana bilmədiklərini bildirib:
“Məşqlərdə müzakirə etdiyimiz oyun planını icra etməkdə çətinlik çəkdik. Peşəkar səviyyədə səhvlər isə bağışlanmır. Tam potensialımızı ortaya qoymaq üçün bir çox fürsəti qaçırdıq. İlk matçımız olduğu üçün bu anlaşılandır. Qarşıdakı matçlarda intizam və köklənmə səviyyəmiz artacaq".
Rocers “Gəncə”yə qarşı matçda 15 xal, 4 ribaund və 4 assistlə komandasının ən məhsuldar ikinci basketbolçusu olub. O bildirib ki, ilk turdakı matçda çıxışından tam razı qalmayıb:
“Məncə, “Gəncə”yə qarşı görüşdə pis oynamadım. Amma daha çox kömək edə biləcəyim bir çox şey var idi. Məşqçimlə oyunun videosuna baxdıqdan sonra etdiyim səhvlərin çoxunu gördüm və növbəti matçda bunları düzəltmək üçün daha çox çalışacağam. “Sumqayıt”a qarşı daha yaxşı oynayacağıma inanıram”.
O, sabah “Sumqayıt”a qarşı keçirəcəkləri II turun görüşü haqqında da fikir bildirib:
“Hər oyun böyümək və inkişaf etmək üçün bir şansdır. Məğlubiyyət səhvlərimizi anlamaq və bunları məşqlərdə düzəltmək imkanı verdi. “Sumqayıt”a qarşı matç digər bütün oyunlar kimi tapşırıqları düzgün icra edəcəyimiz təqdirdə mütləq qazanıla biləcək bir görüşdür. Bütün komanda yoldaşlarıma və məşqçilərimə inanıram. Əminəm ki, düzgün fokus və köklənmə ilə hər bir kluba qalib gələ bilərik. Bu matçda da bunu etməyə çalışacağıq. Həqiqətən həyəcanlıyam. Onlar da ilk qarşılaşmada məğlub olublar. Bu səbəbdən bizim kimi özlərini sübut etmək istəyəcəklər. Bu da gərgin oyuna səbəb olacaq”.
Qeyd edək ki, “Sumqayıt” – “Lənkəran” matçı oktyabrın 25-də, saat 20:00-da start götürəcək.