“Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır”
08.02.2025 - 16:58
“Ordu”nun baş məşqçisi: “Bu oyun bizim üçün dərs olmalıdır”

“Bizim üçün çox çətin oyun alındı”.

Apasport.az xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.

O bildirib ki, ilk iki periodda matç bərabərsəviyyəli keçib:

“Fasilədə oyunçularıma səliqəli və diqqətli olmaları ilə bağlı müəyyən tapşırıqlar verdim. Buna baxmayaraq, onlar daha çox şou göstərməyə meyilli idilər. Yaxşı müdafiə olunub ağıllı hücum qura bilməsək, qələbə qazanmaq çətin olacaq. Doğrudur, biz qalib gəlməyi bacardıq, amma bu çətin mübarizə nəticəsində reallaşdı. Qarşıda bizi fasilə gözləyir. Bu oyun bizim üçün dərs olmalıdır”.

Mütəxəssis komandasının bəzi nöqsanların üzərində işləməli olduğunu vurğulayıb:

“Hər halda, biz B qrupunda liderlik uğrunda mübarizə aparırıq. Hədəf liderlikdirsə, qarşıdakı bütün oyunlarda qələbə qazanmalıyıq! Yeri gəlmişkən, “Lənkəran” komandası haqda xoş fikirlər səsləndirə bilərəm. Onlar yaxşı mübarizə apardı”.

Qeyd edək ki, "Ordu" “Lənkəran”a 98:97 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0