"Şəki"nin baş məşqçisi: "Qrupda ilk "üçlük" dəyişiləcək"
08.02.2025 - 18:59
"Şəki"nin baş məşqçisi: "Qrupda ilk "üçlük" dəyişiləcək"

“Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XIV turunun “Gəncə” ilə görüşündən sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, matç barədə düşüncələrini bölüşüb:

“Öncə rəqibimizi qələbə münasibətilə təbrik edirəm. Texniki tərəfdən danışsam, rəqibə çox hücum ribaundu verdik. Meydandan kənar məsələlərdən danışsam, bu həftə uğursuz günlər keçirdik. Şəki Olimpiya İdman Kompleksində nazirliyin tədbirlərinə görə, istədiyimiz məşqi edə bilmədik. Gəncəyə yalnız bir kontakt məşqi edərək gələ bildik. Üstəlik, uzun oyunçumuz (Karl Consu nəzərdə tutur) zəhərlənərək xəstələnmişdi deyə, daha bir şanssızlıqla üzləşdik. Amma meydanda qalib gələ bilərdik. İlk hissəyə pis başladıq. 3-cü periodda toparlandıq. Ancaq dediyim kimi, rəqib hücum ribaundlarından 25 xal qazandı. Bu, çox böyük rəqəmdir. Daha əvvəl də söylədiyim kimi, qrupda ilk "üçlük" dəyişiləcək.

Müntəzəm çempionatda 6 matçımız qaldı. Hamısında qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 1-ci ola bilməsək də, 2-3-cü kimi pley-offa çıxmaq üçün hər şey edəcəyik. İndi milli komandanın oyunu ilə əlaqədar fasilə olacaq. Ötən dəfə qış fasiləsi bizə çox yaxşı təsir etmişdi. Ümid edirəm ki, bu dəfə də fasilədən sonra toparlanıb, qələbələr əldə edəcəyik".

Qeyd edək ki, “Gəncə” “Şəki”yə 91:77 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0