DÇ-2022: Futbolçuları ən çox qol vuran liqalar və klublar - SİYAHI
25.11.2022 - 11:31
DÇ-2022: Futbolçuları ən çox qol vuran liqalar və klublar - SİYAHI

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda baş tutan 16 oyunda qapılara ümumilikdə 41 top vurulub.

Apasport.az saytının məlumatına görə, ən çox qola İngiltərə Premyer Liqasında çıxış edən futbolçular imza atıb.

Karyerasını “Dumanlı Albion”da davam etdirənlər 8 dəfə fərqlənib. İngiltərəni 6 qolla İspaniya La Liqası izləyir. Fransa Liqa1-i 5, İtaliya A seriyası və Almaniya Bundesliqası isə 4 topla öyünə bilər.

40 qol ümumilikdə 26 fərqli klubun nümayəndəsi arasında bölüşdürülüb. İlk turda fərqlənənlərdən yalnız portuqaliyalı Kriştiano Ronaldo klubsuzdur. Dörd klubun oyunçuları 3 dəfə rəqib qapılarına yol tapıb. Bu baxımdan “Fənərbaxça”, PSJ, “Milan” və “Barselona” hamını qabaqlayır. “Mançester Siti”, “Arsenal”, “Porto”, “Tottenhem”, “Atletiko” və “Əl-Hilal”ın oyunçuları 2 qolla diqqət çəkib.

Mundialda futbolçusu 1 qol vuran klublar isə bunlardır: “Mançester Yunayted”, PSV, “Ayaks”, “Borussiya” (Dortmund), “Çelsi”, “Lill”, “Los-Anceles”, “Yuventus”, “Adelayde Yunayted”, “Frayburq”, “Boxum”, “Leypsiq”, “Real”, “Monako”, “Əl-Sədd”, “Srvena Zvezda”.

Qeyd edək ki, dünya çempionatında qrup mərhələsinin II turuna bu gün start veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0