Millimizin futbolçusu: “İki oyundan altı xal toplamaq üçün vuruşacağıq” - Müsahibə
11.10.2023 - 14:29
Millimizin futbolçusu: “İki oyundan altı xal toplamaq üçün vuruşacağıq” - Müsahibə

Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Ramin Nəsirlinin apasport.az saytına müsahibəsi

- Azərbaycan yığmasını Şimali İrlandiyaya qarşı matç gözləyir. Oyuna hazırlıq necə gedir? Sizi narahat edən hansısa məqam var, yoxsa görüşlə bağlı pozitiv düşünürsüz?
- Bəli, hazırlıqlarımız davam edir. Hər şeyin yaxşı olduğunu söyləyə bilərəm. Öz meydanımızda hər iki oyunda qalib gəlmək istəyirik. Meydana məhz üç xal qazanmağa çıxacağıq.

- Latviyada daim oynayırsınız üçün daha yaxşı durumda olduğunuzu düşünmək mümkündür. Qol vurur, məhsuldar ötürmələr də edirsiniz. Sabah sizdən qol gözləmək olar?
- Bəli, "Dauqavpils"in bütün qarşılaşmalarında oynamışam. Bu da məni sevindirir. Çünki yaxşı formada olduğumu düşünürəm. Zədəm də olmayıb. Bilirsiz, yığmamızın qarşıdakı matçlarında əsas olan qələbə qazanmaqdır. Təbii ki, mən də qol vurmaq üçün əlimdən gələni edəcəm. Lakin ən əsası komandamızın qalib gəlməsidir. 

- Ümumiyyətlə, Şimali İrlandiya yığması ilə bağlı məlumata sahibsiniz? Sizcə, Bakıda onları məğlub edə biləcəksiz?
- Bəli, Şimali İrlandiyanı yaxşı analiz etmişik. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. İnanıram ki, bunu edə biləcəyik. Çünki yaxşı, mehriban kollektivimiz var.

- Matçın hər zamankı kimi öyrəşdiyiniz "Dalğa Arena"da deyil, "Azərsun Arena"da keçirilməsinin hansısa təsiri var, yoxsa problem yoxdur?
- Xeyr, hansı stadionda keçirilməsinin heç bir fərqi yoxdur. İstənilən yerdə biz meydana qələbə üçün çıxacağıq.

- Ancaq turun ilk matçında, Belqradda Serbiyaya məğlub olmuşdunuz. Həmin matçdan sonra komandada inamsızlıq yaranmayıb? Çünki ilk oyunda komanda gözləntiləri verə bilməmişdi...
- Xeyr, heç bir inamsızlıq yoxdur, hər şey yaxşıdır. Serbiyadakı oyunumuz nədənsə, alınmadı. Ancaq burada öz meydanımızda oynayırıq və inanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik.

- Yığmanın qrupdakı rəqibləri heç də asan komandalar deyil. Sizcə, Azərbaycan yığmasının bu qrupdan çıxmaq, üst pillələrdə olmaq şansı var?
- Biz bir kollektiv kimi əlimizdən gələni edəcəyik. Necə olacağını zaman göstərəcək. Ancaq inanıram ki, yaxşı xallar toplayacağıq. 

- U-21 yığmasının üzvlərinin əksəri Premyer Liqada oynamır, yüksək liqa təcrübəsi yoxdur. Bu, yığmanın nəticələrinə nə dərəcədə təsir edir?
- Təbii ki, bugünkü gündə cəmi 2-3 futbolçumuz Premyer Liqada oynayır. Bu da yığmamızın oyunlarında özünü mənfi tərəfdən göstərir. Amma istənilən halda, biz uğurlu nəticə üçün çalışırıq. Hər şeyi edirik ki, nəticələrimiz yaxşı olsun.

- Şimali İrlandiya görüşündən sonra Lüksemburqla qarşılaşacaqsınız. İki oyundan neçə xal sizi razı salacaq?
- Yaxşı hazırlaşırıq. Öncə bütün fikrimiz Şimali İrlandiya ilə oyuna yönəlib. Həmin matç başa çatdıqdan sonra Lüksemburqla görüşü fikirləşəcəyik. Amma ümumilikdə həm Şimali İrlandiya, həm də Lüksemburqla qarşılaşmada qalib gəlmək istəyirik. İki oyundan altı xal toplamaq üçün vuruşacağıq.

writer photo
Əlirza Əlirzalı
0