“DÇ-2022-də favorit kimi göstərilən bütün komandaların şanslarının bərabər olduğunu düşünürəm. Hər matçda demək olar ki, bərabər səviyyədə oyunlara şahid olacağıq”.
Bu sözləri apasport.az saytına “Səbail”in futbolçusu Qustavo de Fransa deyib.
26 yaşlı braziliyalı müdafiəçi bu gün start götürəcək DÇ-2022 barəsindəki fikirlərini açıqlayıb: “Qətərdəki mundialda komandalar arasında böyük fərq olmayacaq. Təbii ki, əsas favoritim öz ölkəmin komandası olan Braziliya yığmasıdır. Onların çempion titulunu qazanmasını istəyirəm. Bunun üçün komandanın kifayət qədər imkanı da var”.
Cənubi amerikalı “pentakampeonlar”ın qrup mərhələsinin ən çətin “dördlüy”ündə yer aldığını düşünür: “Lakin Braziliya çempionatın ən çətin qrupunda yer alıb. Çünki bu qrupda bütün komandaların 1/8 finala adlamaq şansları var. Həm Serbiya, həm İsveçrə, həm Kamerun qrupdan çıxa bilər. Serbiya futbolu son bir neçə ildə gözəçarpan dərəcədə inkişaf edib. Balkanlılar mundialda yaxşı nəticə əldə edə bilər. İsveçrənin son Avropa çempionatındakı çıxışını da xatırlamaq yerinə düşər. Bizim komanda üçün çətin rəqibdir. Kamerun baxımlı futbol sərgiləyir, hücum futbolu oynayıb, kəsərli həmlələr qurur. Qrupda dörd komandanın şansları bərabərdir. Amma Serbiyanı nisbətən öndə görürəm”.
Qustavo finalda görmək istədiyi cütü də gizlətməyib: “Finalda Braziliyanı görmək, qalib gəlməsinə sevinmək arzusundayam. Öncədən proqnoz verməzdim. Əksər cənubi amerikalılar kimi mən də Braziliya – Argentina finalını izləmək, bu oyundan zövq almaq istəyirəm”.
Qeyd edək ki, sabah start götürəcək DÇ-2022-nin final oyunu dekabrın 18-də baş tutacaq.