Millətlər Liqasında yeni mövsümə İtaliya ilə heç-heçə edərək başlayan Almaniya yığması bu gün daha bir prinsipial matça çıxacaq.
Apasport.az saytının məlumatına görə, Bundestim digər nəhəng komanda İngiltərə ilə üz-üzə gələcək.
Almaniya futbolunun pərəstişkarı kimi tanınan Azərbaycanın ilk qadın şərhçisi Səmra Əliyeva sevimli komandasının İngiltərə ilə matçına münasibət bildirib. “CBC Sport” telekanalının əməkdaşı “Dumanlı Albion” təmsilçisini bu dueldə üstün hesab edib:
Bir tərəfdə Hans-Diter Flikin rəhbərliyi altında hələ ki, normal çıxış edən Almaniya millisi, digər tərəfdə isə Avropa çempionatı boyu rotasiya etdiyi heyətlə finala kimi irəliləyən Sautqeytin İngiltərəsi. Ümid edirəm ki, UEFA Millətlər Liqasının təşkilatçıları sözümdən inciməzlər, amma bu yarış bəzi komandalar üçün qarşıdakı turnirə hazırlıq xarakteri daşıyır (yoldaşlıq oyunu deyib təşkilatçıları kövrəltmək istəmirəm). Bu səbəbdən qarşılaşmaya ciddi bir təxmin irəli sürmək şəxsən mənim üçün çox çətindir.
Almaniya futbolunun azarkeşi olsam da, məşğul olduğum işlə bağlı hər zaman daha ədalətli və gözüaçıq proqnoz verməyi üstün tuturam. Elə bu səbəbdən də qarşıda bizi gözləyən mundialda Almaniyadan çox İngiltərənin uğuruna inanıram. Almaniya mənə hələlik yeni məşqçi ilə yeni yığılan və bu səbəbdən böyük yarışlarda məğlubiyyəti normal qəbul olunacaq komanda təsiri bağışlayır. İngiltərə isə DÇ-də böyük uğurlara imza atmaq üçün AÇ-də işin yarısından çoxunu görmüş komandadır.
Millətlər Liqasında Macarıstana uduzan ingilislər üçün Almaniyanı məğlub etmək daha prinsipial xarakter daşıya bilər: AÇ-1996. Bu, bəlkə də, Sautqeyt üçün 1-2 oyunluq intiqam hissi deyil, bir ömür boyu davam edəcək. Nəticəyə gəlincə, Almaniya Fliklə bu böyük qarşılaşmada məğlub ola bilər.
Proqnozum: İngiltərənin 2:1 hesablı qələbəsi.