Türkiyənin UEFA Konfrans Liqasındakı təmsilçisi "Trabzonspor" turnirin liqa mərhələsinə vəsiqə qazana bilməyib.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi evdə İsveçrənin "St. Qallen" klubu ilə üz-üzə gəlib.
Cütün ilk qarşılaşmasında qapılara yol tapılmamışdı. Trabzondakı matçda isə hərəyə bir dəfə fərqlənən komandalar penaltilər seriyasında qalibin adına aydınlıq gətiriblər. 31-ci dəqiqədə qonaqların heyətində İsaak Şmitin vurduğu qola 52-ci dəqiqədə Enis Destan cavab verib. Əlavə vaxtda da qapılara yol tapılmadığı üçün tərəflər penaltilər seriyasına yollanıb.
Qonaqların 5 futbolçusu hədəfdən yayınmayıbsa, "Trabzonspor"da Saviç 5-ci zərbədə topu qapıdan keçirə bilməyib. Beləcə, Türkiyə təmsilçisi liqa mərhələsindən kənarda qalıb.