2024-cü ildə Parisdə keçiriləcək Yay Oyunları üçün Olimpiya məşəli Afinanın qədim Olimpində alovlandırılıb.
Apasport.az xəbər verir ki, tədbir Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos və digər rəsmi şəxslərin iştirakı ilə keçirilir.
Antik tunika və sandal geyinmiş, baş kahin rolunu ifa edən yunan aktrisası Meri Mina əlverişsiz hava şəraiti səbəbindən qədim Yunanıstanın Hera məbədinin qurbangahındakı parabolik güzgüdən istifadə edərək günəş şüası vasitəsilə məşəli alovlandıra bilməyib. Buna görə də məşəl bazar ertəsi günü mərasimin əsas məşqi zamanı alınan oddan alovlandırılıb.
Daha sonra bir qrup kahinin müasir elementlərin tətbiqi ilə qədim ənənələrə əsaslanan ayini yerinə yetirməsi ilə səhnələşdirilmiş tamaşa olacaq. O, qədim zamanlarda Olimpiya Oyunlarının bir çox idman yarışlarının keçirildiyi qədim stadionda baş tutacaq.
Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) avarçəkmə üzrə Olimpiya çempionu Stefanos Duskosun Yunanıstanın ilk Olimpiya məşəlçisi olacağını və bunun ardınca ölkədə 11 günlük Olimpiya məşəli estafetinin başlayacağını açıqlayıb. Alovu 600 məşəlçi daşıyacaq, o, ölkənin 13 bölgəsini, 7 adasını, 43 şəhərini, 41 bələdiyyəsini, 5 icmasını, iki Olimpiya muzeyində (Afina və Saloniki) 10 arxeoloji abidəni ziyarət edəcək. Olimpiya məşəli Yunanıstan ərazisi üzrə 5202 kilometr və dənizlərin boyunca 563 dəniz mil (təxminən 1043 kilometr) məsafə qət edəcək. Estafet Amalias-Ancient Elis-Andravida-Pirqos-Zaxaro-Filiatra marşrutu ilə davam edəcək və rus, fransız və ingilis donanmalarının Türkiyə-Misir donanması üzərində qələbəsi ilə əlamətdar olan 1827-ci ilin məşhur Navarinsk dəniz döyüşünün baş verdiyi tarixi Pilos şəhərində başa çatacaq. İkinci gün estafet Pirey limanına çatacaq, oradan isə Krit adalarına yola düşəcək. Məşəlçilər Santorini, Naxos, Paros, Korfu adalarına, eləcə də Yunanıstanın şimal, qərb və şərqindəki şəhərlərə səfər edəcəklər.
Aprelin 26-da Olimpiya məşəli Afinaya qayıdacaq və burada Paris Olimpiadasının təşkilatçılarına təhvil veriləcək. O, Yunanıstanın paytaxtında Fransa səfirliyində gecələyəcək, ertəsi gün isə bu ölkədə tarixi abidə kimi tanınan 120 illik üç dirəkli “Le Belem” yelkənli gəmisi ilə Fransaya yola düşəcək. Məşəl mayın 8-də Marselə çatdırılacaq. Marselin köhnə limanında keçiriləcək qarşılanma mərasiminə təxminən 150.000 adamın qatılacağı gözlənilir və eramızdan əvvəl 600-cü illərdə Kiçik Asiyadan olan yunanlar - fokilər tərəfindən salınan şəhərin özündə yelkənli qayıq yarışları keçiriləcək.
Fransa ərazisindən keçən məşəl estafeti 68 gün davam edəcək və iyulun 26-da Oyunların açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq. Olimpiya Oyunları avqustun 11-dək Parisdə keçiriləcək.