Hidayət Heydərov: "Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi"
21.10.2024 - 23:55
Hidayət Heydərov: "Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi"

“Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu olub tarix yazmaq doğrudan da möhtəşəm hissdir”.

Apasport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına müsahibəsində deyib.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu müddət ərzində həyatında baş verən dəyişikliklərdən bəhs edib: “Yay Olimpiya Oyunlarından bəri həyatımda çox şey dəyişdi. Hisslərimi sözlərlə ifadə etmək çətindir. Məşhur olmaq möhtəşəmdir. Çölə çıxanda hər kəs məni tanıyır. Lakin bunun bir çox mənfi tərəfləri var. Çünki əvvəlki həyatımdan fərqli olaraq indi istədiyim yerdə rahat şəkildə gəzə bilmirəm. Bu amil həyatımı çətinləşdirir.Bunlara baxmayaraq, əla hisslərdir. Parisdən qayıdanda bir çox insan məni qarşılamaq üçün hava limanına gəlmişdi. Yaxşı yadımdadır ki, onlar arasında mənimlə şəkil çəkdirmək istəyən balaca oğlan uşağı var idi. Amma çox sıxlıq olduğu üçün bunu bacara bilmədi. O, anası ilə birlikdə gəlmişdi. Avtomobildə əyləşən zaman uşağın mənimlə şəkil çəkdirə bilmədiyi üçün hönkür-hönkür ağladığını gördüm. Dərhal avtomobildən enib onunla şəkil çəkdirdim. Bu anları çox yaxşı xatırlayıram”.

H.Heydərov növbəti hədəfinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu bildirib: “Paris-2024”dən sonra Prezident İlham Əliyevlə görüşdüm. Hətta ona söz verdim ki, növbəti Olimpiadanın da qalibi olacağam. Arzunu reallaşdırmaq üçün çox işləməlisən. Bunun üçün Olimpiya çempionunun yolundan getmək lazımdır. Ona görə mən də çempionumuz Elnur Məmmədova qulaq asdım və onun yolu ilə getdim. Nəticədə istəyimə nail oldum. Özümə çox inanırdım. Əslində Olimpiadanın Avropa və dünya çempionatlarından fərqli olmadığını anladım. Sadəcə oyunlar 4 ildən bir keçirildiyi üçün bütün idmançılar buraya hazır gəlmişdilər. Düşünürəm ki, bütün bunlar keçmişdə qaldı. Artıq gələcəyə baxıram. Növbəti 4 il tamamilə fərqli olacaq”.

writer photo
Əlirza Əlirzalı
0