Danışılmış oyunların daha bir iştirakçısı ağır cəza alıb.
Apasport.az saytının məlumatına görə, mərakeşli tennisçi Yunes Raşidi ömürlük diskvalifikasiya olunub.
Bu barədə qərarı Tennisdə Ədalətin Təmin Olunması Beynəlxalq Agentliyi (İTİA) çıxarıb. Yunes 135 dəfə danışılmış oyunlarla bağlı qadağaları pozub. Bu rəqəmin rekord göstərici olduğu bildirilir. İTİA və ya onun sələfi olan İTU-nun tarixində bir tennisçinin bu qədər danışılmış matçda iştirakı qeydə alınmayıb.
Mərakeşli tennisçi iki əlcəzairli ilə işbirliyi zamanı yaxalanıb. Həmin şəxslər ötən ay diskvalifikaya olunub. Raşidi ilə bağlı davam edən araşdırmalar isə daha uzun çəkib.
Yunes ömürlük oynamaq, məşqçilik etmək və tennis tədbirlərində iştirak hüququndan məhrum olunub. O, 34 min dollar cərimə də edilib.
Tennisçinin dünya reytinqində ən yüksək mövqeyi 753-cü yer olub. O, karyerasında 53 min dollar mükafat qazanıb.
Qeyd edək ki, ötən ay ömürlük cəzalanan əlcəzairlilərdən Mohəmed Hassan 29, Huriya Bukhold 13 pozuntuya yol verib.