Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər
02.10.2024 - 18:26
Azərbaycan Güləş Federasiyasının rəsmiləri Goranboy rayonuna səfər ediblər

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri Goranboy rayonuna səfər ediblər.

Apasport.az xəbər verir ki, bunu AGF-nin mətbuat xidməti açıqlayıb.

Goranboyun Qaradağlı kənd orta məktəbində yerləşən güləş zalına baxış keçirilib. AGF tərəfindən inventarla təmin edilmiş güləş zalında 80-dən çox yeniyetmə və gənc yunan-Roma güləşinin sirrlərinə yiyələnir. Olimpiya mükafatçısı, 2 qat Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, dünya və Avropa mükafatçısı Taleh Məmmədov, gənclər arasında dünya və Avropa mükafatçısı Əsgər Əlizadə, yeniyetmələr arasında olimpiya çempionu Elman Muxtarovun yetişdiyi bu məktəb Azərbaycan güləşində xüsusi çəkiyə malikdir.

Qaradağlı kəndinə səfərdə AGF rəsmiləri ilə yanaşı, Həsrət Cəfərov da iştirak edib. Federasiyanın Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və H.Cəfərov çıxış edərək güləşçilərə öz tövsiyələrini veriblər, intizamlı olmağın və məşqçilərin tapşırıqlarına can-başla riayət etməyin önəmini qeyd ediblər. Məktəbin güləş üzrə məşqçi-müəllimləri Aftandil Əliyev və Bayram Bayramov, Qaradağlı kənd məktəbinin direktoru Rəşad Məmmədov isə federasiyaya diqqət və qayğıya görə təşəkkür edib, bu səfərin uşaqlar üçün böyük stimul olduğunu qeyd edib.

Sonda güləşçilərə AGF tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkli çəkdirilib.

writer photo
Əlirza Əlirzalı
0