Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, Bakı bulvarında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında təşkil olunan turnirdə paytaxtla yanaşı Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında yarışıb.
Avarçəkənlər kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparıb. Açıq Bakı çempionatında qalib gələn idmançılar medal və diplomla mükafatlandırılıb.
Qeyd edək ki, yeniyetmə və gənclər arasında ölkədaxili yarışların təşkil edilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, gələcəkdə onlar arasından peşəkar idmançı yetişdirməkdir.