Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasının iştirakçı ölkələrin rəsmi paradı keçirilib.
Apasport.az xəbər verir ki, Mingəçevir şəhərində keçirilən rəsmi paradı izləyənlər arasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və yarış üçün ölkəmizə təşrif buyuran bir sıra rəsmi qonaqlar da olub.
Əvvəlcə yarış iştirakçıları bayraqla Mingəçevir şəhərinin mərkəzində yürüş ediblər. İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, üzərində üçrəngli bayrağımızın rənglərini əks etdirən avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.
20-dən çox ölkədən 30-a qədər komandanın iştirak etdiyi paradı şəhər sakinləri böyük təntənə və coşğu ilə qarşılayıblar.
Daha sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.
Tədbir rəqs qrupunun və idmançıların maraqlı rəqsləri ilə davam edib.
Qeyd edək ki, turnirin açılış mərasimi və ilk yarışlar mayın 1-də Suqovuşanda təşkil olunacaq.
Avarçəkənlər ilk yarış günündə Suqovuşan su anbarında kayak-kanoe üzrə 200 və 500 metr məsafəyə yürüşlərdə mübarizə aparacaqlar. Yarışların növbəti iki günü mayın 2-3-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 3-də həmçinin Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi də olacaq. Tədbirdə əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim olunacaq. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir ki, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.