“Sevilya”nın qapıçısı Yasin Bunu İspaniya La Liqasında “Zamora” kubokunu qazanıb.
Apasport.az saytının məlumatına görə, mükafat mövsüm ərzində çempionatda ən az qol buraxan qapıçıya verilir.
31 yaşlı mərakeşli 31 matçda qapısında 24 top görüb ki, bu da hər oyuna orta hesabla 0,77 qol deməkdir. Bunu çempionatın 13 qarşılaşmasında rəqiblərə qol imkanı verməyib. Maraqlıdır ki, tarixdə ilk dəfə “Sevilya”nın üzvü “Zamora” kubokunu qazanıb.
Siyahıda ikinciliyi “Real” qolkiperi Tibo Kurtua tutub (hər oyunda orta hesabla 0,81 qol). Üçüncü yerdə isə Aleks Remiro (“Real Sosyedad”, 0,88) qərarlaşıb.
Qeyd edək ki, “Sevilya” 70 xalla La Liqada 4-cü yeri tutub və bütün komandalardan az qol buraxıb (30).