Futbol üzrə Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, komandamız V turda Estoniyanı qəbul edəcək.
Həmin görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bununla da, şəhər tarixində ilk dəfə yığmamızın oyununa ev sahibliyi edəcək.
Qəbələ yığmamıza “qucaq açan” 7-ci şəhər olacaq. Bunadək millimizin oyunları 3 Azərbaycan şəhərində keçirilib.
Seçmə komandamızın çıxdığı 112 matçın 101-i Bakıda, 3-ü Gəncədə baş tutub. Daha bir görüş isə Lənkəran şəhərində təşkil olunub.
Lakin millimizin oyunlarına daha 3 şəhər ev sahibliyi edib.
Müstəqillik tariximizdə iştirak etdiyimiz ilk turnir olan AVRO-1996-nın seçmə mərhələsinin 5 görüşünü də Türkiyənin Trabzon şəhərində keçirmişik. Buna səbəb UEFA-nın matçların Azərbaycanda baş tutmasına icazə verməməsi olub.
Millimiz daha 2 qarşılaşmaya Albaniya və Xorvatiyada çıxıb. 2020-ci ildə baş tutan Qarabağ müharibəsi səbəbilə Azərbaycan yığmasının ev görüşləri Elbasan və Zapreşiç şəhərlərində təşkil olunub.
Azərbaycan sərhədlərini nəzərə alsaq, komandamız 2009-cu ildən sonra ilk dəfə rəqibini Bakıdan kənarda qəbul edəcək. Millimiz həmin il sentyabrın 9-da Lənkəran şəhər stadionunda Finlandiya ilə qarşılaşıb – 1:2.
Paytaxtda keçirilən 101 matç isə 6 arenada baş tutub. Yığmamız üçün daha doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda 58 beynəlxalq qarşılaşma keçirilib. Bakı Olimpiya Stadionu 15, “Neftçi Arena” (əvvəlki adı ilə “Bakcell Arena”) 14, “Liv Bona Dea Arena” (“Dalğa Arena”) 9, “ASK Arena” (“İnter Arena”, “Şəfa”) 4 və İsmət Qayıbov adına stadion 1 belə görüşə ev sahibliyi edib.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da saat 18:00-da baş tutacaq.
İsmayıl Xeyrullayev