Kişi voleybolçular arasında dünya çempionatının yeri dəyişdiriləcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.
2022-ci ildə keçirilməli olan mundiala ev sahibliyi etmək hüququ Rusiyadan alınıb. Buna Rusiya və Ukrayna arasında müharibə səbəb olub.
FİVB-in İnzibati Şurası yarışın bu ölkədə təşkilini qeyri-mümkün hesab edərək belə addım atıb. Rusiya Voleybol Federasiyası və çempionatın Təşkilat Komitəsi bu barədə məlumatlandırılıb.
Çempionata ev sahibliyi edəcək ölkə hələ dəqiqləşməyib. FİVB bununla bağlı axtarışlara başlayıb və mümkün variantları nəzərdən keçirəcək.
Qeyd edək ki, dünya çempionatı avqustun 26-dan sentyabrın 11-dək keçirilməli idi.