Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qaxda yeniyetmə voleybolçuların məşqini izləyib.
Apasport.az xəbər verir ki, federasiya rəhbəri Oğuz RVK-nın Qax Olimpiya İdman Kompleksində keçirdiyi təlim-məşq toplanışına cəlb olunan yeniyetmə idmançılar və məşqçilərlə görüşüb.
Görüşdə Qax rayon icra başçısı Musa Şəkiliyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və Oğuz RVK-nın təsisçisi Bülbül Qasımov da iştirak ediblər.
Tədbirdə qonaqlara təlim-məşq toplanışının ümumi proqramı, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib. Sonra çıxış edən Bağırov rəhbərlik etdiyi qurumun ölkəmizdə voleybol idman növünün kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Daha sonra qonaqlar qız və oğlanlardan ibarət komandaların məşq prosesini,eləcə də, uşaqlar arasında təşkil olunan miniturniri izləyiblər.
Qeyd edək ki, Oğuz RVK tərəfindən belə təlim-məşq toplanışları mütəmadi təşkil olunur. Qax Olimpiya İdman Kompleksində keçirilən toplanışa bu regional klubun üç rayonunu (Şəki, Qax, Zaqata) təmsil edən qız və oğlan idmançılar qatılıb. Hər rayon təlim-məşqlərdə 2009-2012-ci il təvəllüdlü 12 qız, 12 oğlan voleybolçu ilə iştirak edib.