Azərbaycan Yüksək Liqasında kişi voleybolunda yeni mövsümdə iştirak edəcək komandalar arasında maraqlı dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, bu mövsümdə liqaya iki yeni komanda qoşulacaq: "Sumqayıt" Regional Voleybol Klubu və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası.
Yenidən formalaşan "Sumqayıt" klubu ötən mövsümdə regional liqada iştirak edib və bu mövsüm Yüksək Liqada debüt edəcək. Komandanın baş məşqçisi isə yeniyetmə və gənclərdən ibarət milli komandanın iranlı baş məşqçisi Cahangir Seyid Abbasi olacaq. FHN komandası isə əvvəllər "Xilasedici" adı altında çıxış etmiş təcrübəli klubdur.
Ötən mövsümdə Azərbaycan Yüksək Liqasında "Azərreyl", "Murov Az Terminal", "Neftçi" İK, MOİK, "Xarı Bülbül" (Şuşa) və "Xarı Bülbül" (Laçın) komandaları mübarizə aparıblar. Lakin maliyyə çətinlikləri səbəbindən "Xarı Bülbül" (Şuşa) və "Xarı Bülbül" (Laçın) komandaları mövsümün ortasında yarışdan çəkilməli olub, nəticədə çempionat yalnız 4 komandanın iştirakı ilə başa çatıb.