İngiltərə futbolunun əfsanələrindən Devid Bekhem son açıqlamaları ilə diqqətləri üzərinə çəkib.
Apasport.az saytı xəbər verir ki, 47 yaşlı veteran yarımmüdafiəçi illərdir hər kəsdən saxladığı psixoloji problemlərinin olduğunu etiraf edib.
Yaxın zamanlarda yayımlanacaq bir sənədli filmdə bu mövzuya toxucaq Bekhem əşyaları cüt aldığını və simmetriya xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Gecələr ailəsi yatdıqdan sonra evdə təmizlik işləri gördüyünü də deyən sabiq ingilis futbolçu həyat yoldaşı Viktoriya Bekhemin bu durumdan şikayətçi olduğunu bildirib: “O qədər təmizliklə məşğul oluram ki, bu halım xanımımın narahatlığına səbəb olur. Səhərlər evin alt mərtəbəsinə enməyə nifrət edirəm. Çünki orada məni dağınıq əşyalar gözləyir“.
Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Real”, PSJ və “Milan” kimi tanınmış klubların şərəfini qorumuş Bekhem milli komandada 115 matçda 17 qol vurub.