"Benfika"nın baş məşqçisi "Çelsi"ni hörmətsizlikdə günahlandırdı
05.01.2023 - 21:53
"Benfika"nın baş məşqçisi "Çelsi"ni hörmətsizlikdə günahlandırdı

“Yalnız təzminat məbləğinə görə Fernandes bizdən ayrılacaq. Ancaq "Çelsi"nin etdikləri hörmətsizlikdir və onların etdiklərini qəbul edə bilmirəm".

Apasport.az xəbər verir ki, bunu "Benfika"nın baş məşqçisi Roqer Şmit deyib.

Almaniyalı çalışdırıcı "Çelsi"nin "Benfika"nın yarımmüdafiəçisi Enso Fernandesi almağa çalışarkən davranışını tənqid edib: "Onlar oyunçunu dəli edir, təzminat ödəyəcəklərini iddia edirlər və sonra danışıqlar aparmağa çalışırlar".

London klubu Fernandes üçün 85 milyon avro təklif edib. Portuqaliyalılar isə transfer üçün ən azı 120 milyon avro tələb edir.

Qeyd edək ki, Argentina millisi ilə dünya çempionu olan Enso Fernandes ötən ilin yayında 12 milyon avroya "River Pleyt"dən "Benfika"ya keçib. O bu mövsüm “qartallar”ın heyətində 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0