"Beşiktaş" yeni baş məşqçisi Fernando Santuş üçün imza mərasimi keçirib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" Fernando Santuş ilə 2024-25 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
69 yaşlı mütəxəssis yeni transferlərlə bağlı bunları deyib:
"Komandaya bir neçə futbolçu gətirməliyik. Heç kim "Beşiktaş"a tətil etməyə gəlməyəcək. Böyük adlar deyil, keyfiyyətli futbolçular gətirməliyik. Bəzi oyunçular çox keyfiyyətlidir. Ancaq onlar yüksək səviyyəyə çatmaqda çətinlik çəkirlər. Bu, xarakter və nizam-intizamla bağlıdır. Çalışacağıq ki, çox yaxşı oyunçularla müqavilə imzalayaq".
Konfransın davamında jurnalistlərdən biri Santuşla müqavilənin detalları ilə bağlı klub prezidentinə sual ünvanlayıb. Prezident Hasan Arat isə bu sualı birmənalı qarşılamayıb. Belə ki, jurnalist müqavilənin şəffaflığından danışıb və Financial Fair Play (FFP) qaydalarına uyğun olub-olmadığını soruşub.
Arat jurnalistə irad tutub və daha diqqətli sual verməsi yönündə xəbərdarlıq edib:
"Bu müqavilə məşqçimizlə bizim aramızda olan məsələdir. Təbii ki, qaydalar nəyi tələb edirsə, ona da riayət edəcəyik. Şəffaflıqla bağlı sual verib, özünüz də şərh bildirirsiniz. Qayda başqa, şəffaf olmaq başqa anlayışdır. Siz sadəcə sual verə bilərsiniz, bunu şərh etmək sizin işiniz deyil. Burda cavabı mən verirəm".