Çexiya 28 ildir, Portuqaliyanı məğlub edə bilmir
18.06.2024 - 14:31
Çexiya 28 ildir, Portuqaliyanı məğlub edə bilmir

Bu gün AVRO-2024-ün F qrupunda Portuqaliya və Çexiya milliləri üz-üzə gələcək.

Apasport.az xəbər verir ki, Çexiya ilə qarşılaşacaq Portuqaliya 28 ildir rəqibinə uduzmur. 

Uzun müddətdir rəqibinə qalib gələ bilməyən Çexiya qələbə qazanaraq azarkeşlərini sevindirməyə çalışacaq. Turnirin favoritlərindən Portuqaliya isə 28 illik məğlubiyyətsizliyi davam etdirmək üçün mübarizə aparacaq. 

Portuqaliya və Çexiya milliləri tarixlərində 6-cı dəfə üz-üzə gələcəklər. Son 5 qarşılaşmada Portuqaliya 4, Çexiya isə 1 dəfə qalib gəlib. Bu görüşlərdə Portuqaliya 10, Çexiya isə 2 qol vurub.

Çexoslovakiyanın dağılmasından sonra Çexiya yeganə qələbəsini AVRO-1996-da əldə edib. Çexlər turnirin 1/4 finalında Portuqaliya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Çempionat tarixində ən yaxşı nəticəni AVRO-1996-da qazanan Çexiya finalda oynamağa müvəffəq olub.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtilə 23:00-da baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0