Hazırda dünya idman mediasının gündəmini “Qızıl Top” mövzusu zəbt edib.
Apasport.az xəbər verir ki, dünən Fransanın paytaxtı Paris şəhərində sayca 68-ci "France Football" mükafatının təqdimat mərasimi keçirilib.
30 futbolçunun iştirak etdiyi mübarizədə İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri Ernandes mükafata sahib çıxıb.
Amma bu, dünya mediasında, eləcə də futbolçular arasında böyük səs-küyə səbəb olub.
Belə ki, ilk addım “Real” klubu və hücumçu Vinisius Juniordan gəlib. Onlar, sözügedən mərasimdə iştirak etməmək qərarı alıblar. Buna səbəb həftələr öncə forvardın bu mükafatı qazanacağının söylənilməsi olub. “Real” isə bunu UEFA-dan özlərinə bir həmlə olaraq görür. Çünki Florentino Perez yaxın gələcəkdə UEFA-ya rəqib olaraq Avropa Super Liqası”nı yaratmaq istəyir.
Gecəyə damğa vuran açıqlamalardan biri “Real”ın sabiq futbolçusu Luiş Fiqudan gəlib:
“Qızıl Top” bu vaxta kimi nüfuzlu bir mükafat idi. Həmçinin Vinisiusun qazanmaması halında mükafat Dani Karvahala verilməliydi. Bu kimi şeylər Madrid klubuna hörmətsizlikdi və “Real” hörmət görmədiyi yerdə olmaz”.
Digər bir açıqlama “Bayern”nin keçmiş oyunçusu Frank Riberidən gəlib. Veteran futbolçu şəxsi “instagram” hesabından Rodrinin qalibiyyətinin gülünc olduğunu bildirən yazı ilə UEFA-nı tənqid edib.
Braziliya mediası forvardın mükafatı qazanmamasının səbəbinin Vinisiusun irqçiliyə qarşı möhkəm iradə göstərməsi və bu yolda mübarizə aparması olduğunu bildirib.
İspaniya milli komandasının baş məşqçisi Luis De La Fuentenin sözlərinə görə, “kral klubu"nun mükafatlandırmada iştirak etməməsi futbol adına yaxşı əlamət deyil.
Dünyaca məşhur insayder Fabrizio Romano Vinisius üçün qarşıdakı 24 saatın çətin keçəcəyini, həmçinin nəticəyə görə heyfslənməməsini dilə gətirib.
“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero isə keçmiş komanda yoldaşını təbrik edib. Argentinalı şəxsi “X” hesabından Braziliyalı forvardın qazanmamasının səbəbini hərəkətlərində görür. Onun sözlərinə görə, seçicilər Vinisiusun vurduğu qollar qədər matç içərisindəki hərəkətlərinə də diqqət yetiriblər.
Hacı Heydərov