Avropa Liqasının “Ayntraxt”la “Reyncers” arasında final oyunu bir sıra maraqlı məqamlarla əlamətdar olub.
Apasport.az saytı qarşılaşmanın maraqlı faktlarını təqdim edir.
⚽ 25 ildən sonra Avropa Liqasında (əvvəlki UEFA kuboku) Almaniya klubu kubok qazanıb. Sonuncu dəfə buna 1996/97 mövsümündə “Şalke” nail olub.
⚽ “Ayntraxt” mövsümdə keçirdiyi 13 oyunun hamısında qol vurub. 2009-cu ildən indiki formatda keçirilən turnirdə bunadək yalnız “Çelsi” 2018/19 mövsümündə bütün matçlarda qol sevinci yaşayıb.
⚽ Çempionlar Liqasına (əvvəlki Çempionlar kuboku) vəsiqə qazanan “Ayntraxt” sonuncu dəfə 1960-cı ildə qitənin ən nüfuzlu klub turnirində oynayıb. Almaniyalılar bu yarışa 62 ildən sonra qayıtmaqla ən uzun həsrətə son qoyub.
⚽ “Ayntraxt”ın baş məşqçisi Oliver Qlasner karyerasında ilk titulu qazanıb.
⚽ Oliver Qlasner 1983-cü ildən sonra avrokubokların qalibi olan ilk avstriyalı baş məşqçidir. 39 il əvvəl Ernst Happel “Hamburq”la Çempionlar kubokunu əldə edib.
⚽ “Reyncers”in qoluna imza atan Co Aribo avrokubokların finalında qol vuran ikinci nigeriyalıdır. 2019-cu ildə Bakıdakı “Arsenal” – “Çelsi” qarşılaşmasında Aleks İvobi fərqlənmişdi.
⚽ Avropa Liqası (əvvəlki UEFA kuboku) tarixində ilk dəfə ardıcıl iki mövsümün finalı penaltilər seriyası ilə nəticələnib. Ötən il “Vilyarreal” “Mançester Yunayted”ə seriyada 11:10 hesabı ilə qalib gəlib.
⚽ “Reyncers”in oyunçusu Ceyms Taverniyer 7 qolla Avropa Liqasının bombardiri olub. O, 1993/94 mövsümündə “Barselona” ilə Çempionlar Liqasında mövsümün bombardiri olan Ronald Kumandan sonra bunu bacaran ilk müdafiəçidir.
Qeyd edək ki, Almaniya klubu 1:1 hesabı ilə başa çatan görüşdə penaltilərlə qalib gəlib – 5:4.