Avropanın daxili birinciliklərində ilk 100 oyununda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıya “Mançester Siti”nin hücumçusu Erlinq Haland başçılıq edir.
Premyer Liqanın IX turunda “Mançester Yunayted”lə (6:3) matçda het-trik edən norveçli ulduz futbolçu ölkə çempionatlarında keçirdiyi 100-cü qarşılaşmasında ümumi qol sayını 103-ə çatdırıb. O, “şəhərlilər”dən əvvəl “Zalsburq” və Dortmund “Borussiya”sının heyətində də Avstriya ilə Almaniya birinciliklərində qollarını sıralayıb.
Futbol tarixində ilk 100 oyununda ən çox qol vurma rekorduna yiyələnən Halandı 90 dəfə rəqib qapıçılarını məyus edən PSV, “Barselona” və “Valensiya”nın sabiq qolçusu Romario izləyir. Sonrakı yerləri braziliyalı Ronaldo (86 qol), Rud van Nistelroy (77), Luis Suares (59) və Kilian Mbappe (58) tutur.
Reytinqdə həmçinin Harri Keyn (45), Raul Qonzales (44), Robert Levandovski (43), Lionel Messi (41), Tyerri Anri (25), Alan Şirer (20) və Kriştiano Ronaldo (16) da yer alıb.