Super Liqa təmsilçilərindən “Fənərbaxça” bir vaxtlar Lionel Messinin davamçısı sayılan Ansu Fatini heyətinə qatmaq niyyətindədir.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo futbolçunun keçidində israrlıdır.
İstanbul təmsilçisi Fatinin keçidini satınalma variantı ilə icarə əsasında reallaşdırmaq istəyir.
"Sarı-lacivərdlilər"in idman direktoru Mario Brankonun önümüzdəki həftələrdə həm "Barselona", həm də Fati cəbhəsi ilə ilk təması quracağı iddia edilib.
21 yaşlı hücumameyilli oyunçu zədədən sonra əvvəlki baş məşqçi Xavi Hernandezin rəğbətini qazana bilməyib.
Ötən mövsüm "Brayton"a icarəyə verilən Fati bu mövsüm alman baş məşqçi Hansi Flikin istəyi ilə heyətdə saxlanılıb. Lakin alman çalışdırıcı gənc ulduza gözlədiyi şansı verməyib.
Bu mövsüm Fati La Liqada 1 matçda 23 dəqiqə, Çempionlar Liqasında isə 2 matçda ümumilikdə 28 dəqiqə meydanda olub.
Qeyd edək ki, hücumçunun kataloniyalılarla müqaviləsi 2027-ci ildə başa çatacaq.