PSJ hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi argentinalı superulduzun 2023-cü ilin yayına qədər olan sözləşməsini daha bir il uzatmaq niyyətindədir.
Lakin 35 yaşlı futbolçu Qətərdə keçiriləcək dünya çempionatını gözləmək, mundialdan sonrakı psixoloji, fiziki durumunu qiymətləndirmək və bunun ardından PSJ-də qalıb-qalmamağa qərar vermək niyyətindədir.
Fransa klubunun rəhbərliyi hesab edir ki, ilk uyğunlaşma mövsümündən sonra Leo yenidən parlaq oyun nümayiş etdirə biləcək. Fransızların qərarına Messinin transferindən sonra klubun maliyyə göstəriciləri də təsir edib. Klubun ötənilki gəliri 700 milyon avro olub ki, PSJ heç vaxt bu qədər qazanc əldə etməmişdi.
Qeyd edək ki, Lionel Messi ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 34 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə verib.