“Qarabağ” dünyanın “Top-5”ində
18.04.2022 - 13:11
“Qarabağ” dünyanın “Top-5”ində

Öz meydanında ən çox ardıcıl qələbə qazanan komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ bütün dünya liqalarında davam edən 5 seriya yer alıb.

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da siyahıya düşüb. Cari mövsüm evdə keçirdiyi bütün matçlarda qələbələri sıralayan Qurban Qurbanovun yetirmələri ümumilikdə 11 dəfə qonaqları xalsız yola salıb.

Seriyası ötən mövsümün son ev matçında başlayan Ağdam klubu cari çempionatda 10 dəfə öz meydanında qalib gəlib. Bu, dünyanın “Top-5”inə düşmək imkanı verib.

“Qarabağ” davam edən evdəki qələbə seriyasında dünya 4-cüsü adına şərikdir. İsveçin AİK klubu da eyni sayda görüşdə qonaqlara qarşı amansız olub.

Yalnız üç komanda daha uzun seriya ilə öyünür. Braziliya çempionatında ardıcıl 17 belə qələbə qazanan “Atletiko Mineyro” planetin ən güclü ev komandasıdır. 

İkinci pillənin şərikləri “Zrinski” və “Klaksvik”dir. Bu komandalar müvafiq olaraq Bosniya və Herseqovina ilə Farer adalarında ardıcıl 12 dəfə öz meydanında qələbə əldə edib.

Qeyd edək ki, “Qarabağ” növbəti ev oyununda “Sabah”la görüşəcək. XXV turun matçı mayın 3-də baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0