Qrizmann Araqonesə çatdı, növbədə Etodur
30.08.2022 - 09:02
Qrizmann Araqonesə çatdı, növbədə Etodur

“Atletiko” İspaniya La Liqasının III turunda “Valensiya”nı səfərdə 1:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, qarşılaşma madridlilərin hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.

Komandasına qələbə qazandıran qolun müəllifi olan Fransa millisinin üzvü çempionatda vurduğu ümumi topların sayını 160-a yüksəldib. Bununla o, La Liqa tarixinin bombardirləri siyahısında 17-ci pillədə olan Luis Araqonesə çatıb.

Qrizmann üçün hədəfdə Samuel Etoya (162 qol) çatmaq var. “Atletiko”nun lideri daha 3 qol vurarsa, kamerunlunu da geridə qoyacaq.

Bundan əlavə, Qrizmann “Atletiko”da daha 2 dəfə fərqlənməlidir ki, klub tarixində 100 qol vuran 6-cı oyunçu olsun.

Rekord isə “Barselona”nın sabiq kapitanı Lionel Messiyə məxsusdur – 472 qol.

writer photo
Əlirza Əlirzalı
0