Ronaldo: “Mançester Yunayted”də məni ayrılmağa məcbur edirlər”
14.11.2022 - 10:07
Ronaldo: “Mançester Yunayted”də məni ayrılmağa məcbur edirlər”

“Erik ten Haqa hörmət etmirəm, çünki o da mənə hörmətlə yanaşmır. Mənə hörmət etməyəni heç vaxt saymaram”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “The Sun” nəşrinə müsahibəsində deyib.

Portuqaliya millisinin kapitanı “Mançester Yunayted”də xoşbəxt olmadığını etiraf edib. O, buna görə, baş məşqçi Erik ten Haqı və klub rəsmilərini günahlandırıb: “Mançester Yunayted”də məni ayrılmağa məcbur edirlər. Bunu təkcə baş məşqçi yox, klubun daxilindəki başqa 2-3 nəfər də istəyir. Xəyanətə uğradığımı hiss edirəm. Ürəyimin səsini dinləyib bu kluba gəlmişəm. Çünki “Mançester Yunayted”i və azarkeşlərini sevirəm. Ser Aleks Ferqyuson mənə “Mançester Siti”yə getmə” deyəndə ona qulaq asdım. Ancaq Ferqyusonun gedişindən bəri bu komandada irəliləyiş görməmişəm”.

37 yaşlı superulduz onu hər açıqlamasında tənqid edən keçmiş komanda yoldaşı Ueyn Runinin də cavabını verib: “Ueyn Runinin məni niyə bu qədər tənqid etdiyini bilmirəm. O, təqaüdə çıxıb, mən isə hələ də ən yüksək səviyyədə oynayıram. Yəqin buna görədir. Dilə gətirmədiyim bir gerçəklik isə ondan daha yaxşı görünməyimdir”.

Ronaldo “qırmızı şeytanlar”ın hərtərəfli inkişafdan qaldığını gizlətməyib: “Bura qayıdanda gördüyüm mənzərə məni çox təəccübləndirdi. Hər şeyin inkişaf etdiyi bir dövrdə böyük klubun trenajor zalında gördüyüm bəzi köhnə avadanlıqların hələ də qalması mənə sürpriz oldu. Pikasso deyib ki, yenidən uğur əldə etmək üçün əvvəlcə hər şeyi dağıtmalısınız. Əgər buna məndən başlayacaqlarsa, problem deyil, ayrılmağa hazıram”.

Qeyd edək ki, “Mançester Yunayted”ə ötən ilin yayında qayıdan Kriştiano Ronaldonun klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0