Ronaldonun uşaqlıq dostu: "Ondan daha yaxşı idim"
20.10.2023 - 13:39
Ronaldonun uşaqlıq dostu: "Ondan daha yaxşı idim"

"Heç kimin istəmədiyi və sata bilmədiyi hamburgerləri almaq üçün gecələr “McDonalds”a gedirdik".

Apasport.az xəbər verir ki, bunu keçmiş portuqaliyalı futbolçu Fabiu Paim "Əl Nəsr"in ulduzu Kriştianu Ronaldo ilə xatirələri haqqında danışarkən deyib.

Uşaq vaxtlarında "Sportinq"in aşağı yaş qruplarında futbolun sirlərinə superulduzla birlikdə yiyələnən Paim həmin vaxtların acı və şirin günlərinə diqqət çəkib. O bildirib ki, “Sportinq”də oynadıqları müddətdə akademiyanın yataqxanasında birgə qalıblar: “Hamburger üçün hər gecə “McDonalds”da olurduq. Bəli, “Sportinq”dən bilirdilər. İndiki kimi deyil. Bizə akademiyadan ayrılmağa icazə verilirdi”.

O, müsahibəsində Ronaldo ilə dost olduqlarını da qeyd edib: “Ən yaxşı deyə bilmərəm, amma dost idik. Mən onunla tətilləri birlikdə keçirirdim. Səfərlərimizdən biri Braziliyaya olmuşdu. AVRO-2004-dən əvvəl bu ölkəyə ilk dəfə idi, gedirdim. Bu, Portuqaliya millisində Kriştianunun ilk Avropa çempionatı idi və biz ondan əvvəl Braziliyaya getmişdik”.

Paim “Sportinq” akademiyasında Kriştianu ilə ilk tanışlığını belə xatırlayır: “Onunla ilk dəfə tanış olanda 8 yaşım var idi, “Sportinq”də yeni idim və Madeyradakı turnirə getmişdik. Biz birlikdə yaxşı idik, həqiqətən də yaxşı idik. O vaxtlar futbol bizim üçün o qədər də ciddi deyildi. Uşaqlıqdan həzz ala bilirdik. Amma mən həmişə Ronaldonu ən yaxşı olmaq istəyən çalışqan, fədakar insan kimi xatırlayıram. Həmişə belə olub. Uduzanda əsəbiləşirdi. Bu çalışmalar onu indi olduğu yerə gətirib çıxardı. Bu gün o, oynamaq məcburiyyətində deyil, amma ən yaxşı olmaq istəyir. Futbolda yaxşı oyunçu olacağına inanırdım, amma çatdığı səviyyədə? O vaxt yox”.

Fabiu peşmanlıqlarından və qorxularından da danışıb: “Bəzi qərarlarımdan peşmanam, amma özümü bildiyim üçün Kriştianu səviyyəsində olmaq mümkün deyildi. Amma bəli, o an mən Kriştianudan yaxşı idim. O, mənə “Qızıl top”larından birini verməlidir. Düzünü desəm, yenidən Kriştianu ilə oynamaq istəmirəm. Meydançaya çıxmaqdan qorxuram, çünki zədə alacağımı bilirəm. Amma məndən soruşsa, gedərəm. Mənim varlığımı xatırlayıb-xatırlamadığından da əmin deyiləm”.

Qeyd edək ki, futbolçuluq dövründə bir çox klubların şərəfini qoruyan Fabiu Paim karyerasını 2020-21 mövsümündə Polşanın “Starovise” klubunda bitirib.

Emin Ağa

writer photo
Əlirza Əlirzalı
0