“Reyncers”in və Şotlandiya millisinin sabiq qapıçısı Endi Qoram xərçəng xəstəliyinə görə cəmi 6 ay ömrünün qaldığını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, mütəxəssis bildirib ki, iki aydan bir az əvvəl yeməklə bağlı problemlər yaranıb.
58 yaşlı Qoram həkimə müraciət edəndə onun qida borusu xərçənginin dördüncü mərhələsi olduğu üzə çıxıb. Xəstəlik qaraciyərə, sağ ağciyərə, üç fəqərə və qabırğaya yayılıb: “Mənə elə gəlirdi ki, mədəm ağrıyır. Bir neçə həftədən sonra daha da pisləşdi. İki həftə həkimimə gedə bilmədim, əzab çəkdim, təxminən 25 kq arıqladım. Kompyuter tomoqrafiyasından keçdim, sonra məni xəstəxanaya apardılar və dedilər ki, yaxın qohumlarım yanımda olmalıdır. Bu zaman həyəcan təbili çalındı. Xərçəng olduğumu başa düşdüm”.
Qoram ömrünü doqquz aya qədər uzada biləcək kimyaterapiya kursundan imtina etdiyini vurğulayıb: “Əlavə üç ay və sıfır həyat keyfiyyəti naminə kimyaterapiya keçmək və əziyyət çəkmək? Xeyr, təşəkkürlər. Keçmiş həyat yoldaşım Miriam altı dövr kimyaterapiya və üç rentgen şüası aldı. Cəhənnəm idi. Hələ də dostlarım və pərəstişkarlarımla görüşüb özüm ola bilərəm”.
Qeyd edək ki, Endi Qoram “Reyncers”lə beşqat Şotlandiya çempionu və üç dəfə Şotlandiya kubokunun qalibi olub. O, Şotlandiya millisində 43 oyuna çıxıb.