Türkiyə Superkubokunun “Qalatasaray” və “Fənərbaxça” arasında oyununun yeri dəqiqləşib.
Apasport.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlayıb.
O bildirib ki, Superkubok matçı öncədən planlaşdırıldığı kimi Səudiyyə Ərəbistanında oynanılacaq. Büyükekşi verilən qərarın hər iki klubun razılığı ilə alındığını deyib: “Biz TFF olaraq hər iki komandadan əlavə pul qazanmaq istədiklərini soruşduq. Klublar da buna razılıq verdi. Biz də gələn təklifi dəyərləndirərək oyunun Ərəbistan yarımadasında oynanılmasına qərar verdik. Klublardan heç biri qərardan xəbərsiz olduğunu deyə bilməz. Bir daha təkrar edirəm ki, Superkubok matçı dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtındakı “Al Avval Park” stadionunda oynanılacaq”.
Qeyd edək ki, hər iki klub Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə matçın Samsun şəhərində keçirilməsini istəyirdi.