Söylə, jurnalistsən, yoxsa ultras?!
17.02.2025 - 18:50
Söylə, jurnalistsən, yoxsa ultras?!

Ötən gün 8-ci kilometrdə izdiham yaşandı.

“Neftçi Arena”da Azərbaycan çempionatları tarixinin daimi iki iştirakçısı üz-üzə gəldi. 

Ardıcıl 3 qələbəni sıralayan “Neftçi”, qarşısında da son 10 ilin hegemonu “Qarabağ. 

“Ağ-qaralar”ın qazandığı xallar azarkeşləri yenidən tribunalara qaytarmağı bacardı. Bir daha gördük ki, “Neftçi” fanatları komandanı atıb getməyiblər. Sadəcə inciyiblər. Onlara xırda bir ümid işığı lazımdır. Bunu verdiyin an mövsümün azarkeş rekordunu belə qıra bilərlər, necə ki, qırdılar.

Tribunalar dolu, meydanda əla atmosfer, iki komandanın azarkeşləri də öz yerlərində. Oyun ərzində qırmızı vərəqə, penalti, qol və əsl mübarizəyə şahid olduq. 

Ümumiyyətlə, Bakıda dolu tribunalar görüb kövrəlmişdim. Taa ki, media sektorundakı yerimi alana qədər. Jurnalistlər üçün ayrılan tribunaya keçəndə hər zamankı kimi, tanışlarla salamlaşıb, oyun barədə danışırdım. Bir də gözümü açdım ki, media sektorda cəmi 2-3 boş yer qalıb. Hər yer dolub. 

Əslində, bu, çox gözəl mənzərədir. Lakin orda əyləşənlərin 40 faizini tanımırdım. Bir çoxunu ümumiyyətlə ilk dəfəydi görürdüm. Təbii ki, akkreditasiya almış hər kəs istədiyi oyuna gəlməkdə sərbəstdir. Amma yaşanan hadisələr başqadır.

Oturub həmişəki kimi oyunun statistik datalarını qeyd eləyirdim. Elə bu anda Kevin Medina qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldı. Özü də necə qırmızı ilə. Şəksiz, şübhəsiz, qərəzsiz, mübahisəsiz. O dərəcə dəqiq qərar idi ki, Qurban Qurbanov belə Medinaya dönüb “bu nə idi?” deyərmişcəsinə jest göstərdi.

Yuxarıda söylədiyim jurnalistlər isə media sektorda (!) hakimi günahlandırmağa, Medinanın Ağadadaşın ayağını sındırıb, futbolçu həyatını bitirməsinə haqq qazandırmağa çalışırdılar. İlk başda bu, mənə gülməli gəldi.

İkinci yarıda Matiasın zərbəsi dirəyə tuş gələndə həmin şəxslər sevincdən uçmağa başladılar. Yenə anlamadım, sadəcə izlədim onları.

Lakin oyunun davamında “Qarabağ” penalti qazandı. Bu anda media sektorda elə bir sevinc hayqırtıları qopdu ki… Sanki “Qarabağ” Fransa klubuna qol vurub. Bir anlıq özümü ağdamlıların azarkeş tribunasında hiss etdim. Sonra ayıldım ki, hər kəsin üzərində press yazılı akkreditasiyalar var. 

Hələ oyunsonrası mətbuat konfransını demirəm. Tanıyıb, bildiyimiz həmkarları çıxsaq, digərlərində “не футбольный” suallar, “Neftçi”ni sıxışdırma cəhdləri bitmirdi. 

Xanımlar və bəylər, mənim kiminsə azarkeş duyğuları ilə problemim yoxdur. Hər kəs istədiyi komandanı sevə bilər. Hətta şəxsi düşüncəmdir ki, hansısa klubun azarkeşi olmayanlar futbolu o qədər də sevmir.

Çünki bu elə bir idmandır ki, izləyirsənsə, mütləq ki, fanata çevrilirsən. Şəxsi həyatınızda, sosial şəbəkə hesablarınızda istədiyiniz qədər azarkeşlik edin. Mən də edirəm. Amma bu simpatiyanı, sevgini yazılarıma qatmıram. Qaldı ki, media sektorda belə şeylər edim.

Sözümün canı odur ki, ildə bir dəfə oyuna gəlirsiz, onda da komandanızı dəstəkləyirsizsə, sizləri sevə-sevə “Qarabağ”, “Neftçi”, “Sabah” və digər klubların azarkeş qruplarına yönəldə, tribunada yer ayıra bilərəm.